“Tənqidçi yalnız analiz edə bilər, hökm çıxara bilməz”
Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi mövzusunda seminar keçirildi. Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) apardığı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşdi. Seminarda teatr tənqidçiləri, sənətşünaslar və gənc teatrşünaslar iştirak edirdilər.
Tədbiri Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov açaraq, seminarın məqsədinin gənc teatrşünasların fikir mübadiləsini təşkil etmək, ümumi müzakirələr aparmaq olduğunu dedi. O, belə tədbirlərin təcrübə mübadiləsi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Dünya teatrlarındakı vəziyyətdən bəhs edən kanadalı qonaq peşəkar tənqidin bu sahənin inkişafına təsirindən danışdı. Baş katib təmsil etdiyi qurumun teatr tənqidi barədə kodekslərini açıqladı: «Tənqid teatr üçün çox önəmlidir. Əsəri tənqid və ya mühakimə edə bilmək üçün tənqidçi tamaşanı sonuna kimi izləməlidir. Tənqidçi yalnız analiz edə bilər, hökm çıxara bilməz. O, aktyor, rejissor və başqa yaradıcı insanın şəxsiyyəti və yaradıcılığı, fəaliyyəti arasındakı sərhədi görməyi bacarmalıdır. Hər hansı bir əsəri və yaxud tamaşanı tənqid edən zaman şəxsiyyəti mühakimə etmək düzgün deyil”.
Qonaq tənqidçinin müasir teatra təsiri, onun teatrda yeri və mövqeyi barədə danışaraq sualları cavablandırdı.
Baş katib Bakıda keçirilmiş beynəlxalq teatr konfransı barədə mülahizələrini də bölüşdü, təmsil etdiyi qurumun fəaliyyətindən, keçirdikləri müxtəlif tədbirlərdən söhbət açdı. Bildirdi ki, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının 59 ölkədə üç mindən artıq üzvü var. Bu ilin mart ayında XXVI dünya tənqidçiləri konqresində ölkəmizdən sənətşünaslıq doktorları, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov iştirak ediblər və Azərbaycan bu quruma üzv olub.
Assosiasiyanın ildə iki dəfə yayımlanan internet dərgisi fəaliyyət göstərir. Dərginin son buraxılışında Azərbaycandan teatrşünas Aydın Talıbzadənin kukla teatrı festivalı haqqında məqaləsi dərc olunub. Assosiasiyanın konqresləri çərçivəsində müxtəlif seminarlar keçirilir.
Mişel Vais gələcəkdə keçiriləcək festival və simpoziumlar haqqında məlumatlar verdi. Gələn il gənc tənqidçilər üçün Bolqarıstan, Gürcüstan və daha iki ölkədə dörd seminarın keçirilməsi planlaşdırılır. 2013-cü ilin fevralında Normandiyada (Fransa) beynəlxalq simpoziumun, 2014-cü aprelində isə Boliviyada Santa-Kruz festivalının keçirilməsi nəzərdə tutulur.
Seminardan sonra iştirakçılarla xatirə şəkli çəkdirən Mişel Vais gənclərə dil öyrənməyi və gələcək tədbirlərdə fəallıq göstərməyi tövsiyə etdi.
Aliyə