Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Klaypeda şəhərinin meri Vitautas Grubliauskas, Klaypeda Dövlət Musiqi Teatrının rəhbərliyi və bu şəhərdə yaşayan azərbaycanlı icmasının fəalları ilə görüşlər keçirib.
   
   Şəhər meri ilə görüşdə şəhərlərarası, eləcə də bölgələrarası əməkdaşlığın vacibliyi qeyd olunub, Klaypedada keçirilən mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı, soydaşlarımızın uşaqları üçün bazar günü məktəbinin açılması müzakirə olunub.
   Klaypeda Dövlət Musiqi Teatrının rəhbəri Ramunas Kaubrys və teatrın kollektivi ilə keçirilən görüşdə Litva teatrının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlığının perspektivləri, eləcə də klassik Azərbaycan operalarının Litvada səhnələşdirilməsi imkanları diqqətə alınıb. “Arşın mal alan” operasının Litva dilində səhnələşdirilməsi üçün konkret məsələlər barədə fikir mübadiləsi aparılıb.
   Klaypedanın “Azeris” Cəmiyyətinin üzvləri, eləcə də burada yaşayan azərbaycanlılarla keçirilən görüşdə səfir soydaşlarımızı Litvanın ictimai, siyasi və mədəni həyatında daha fəal olmağa çağırıb, milli adət-ənənələrimizin yaşadılmasının vacibliyindən danışıb.