İlk addımlarını Tiflis Azərbaycan teatrında atan, bu teatrın uğurlarında və təşkilatlanmasında xüsusi əməyi olan Mustafa Mərdanov, Əli Qurbanov, Möhsün Sənani, Panfiliya Tanailidi, Mirseyfəddin Kirmanşahlı, Əbülfət Vəli və digərlərinin səhnə fəaliyyətinin Tiflis dövrü barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik. Belə sənətkarlardan biri də Ələkbər Seyfi olub. O, dram və kino aktyoru, teatr təşkilatçısı kimi tanınmış, eyni zamanda, teatrşünas və tərcüməçi kimi də fəaliyyət göstərmişdir.
   
   Ələkbər Seyfi 1960-cı illərdə «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Səhər», «Qanun naminə», «Mən ki gözəl deyildim» filmlərinə çəkilmiş, «Uşaqlığın son gecəsi» filmində yaratdığı İsmayıl obrazı ilə daha çox yadda qalmışdır.
   O, 1901-ci ildə Tiflisdə doğulub, burada təhsil alıb. Ötən əsrin əvvəllərində Tiflisdə mövcud olan qaynar teatr mühiti hələ şagird olarkən Ələkbəri də özünə cəlb edib. 1914-cü ildə ilk dəfə səhnəyə çıxıb. Bir çox gələcək həmkarları kimi, o da ilk dəfə Şəmsəddin Saminin «Gaveyi-ahəngər» («Dəmirçi Gavə») pyesinin tamaşasında uşaq rolunu (Gavənin oğlu Bəhram) oynayıb. Daha sonra «İbrət» dram cəmiyyətinə üzv yazılıb (Həmin vaxtlar Tiflisdə bir neçə teatr cəmiyyəti fəaliyyət göstərirdi).
   Ələkbər Seyfi bu truppada hazırlanmış bir sıra tamaşalarda, o cümlədən «Gaveyi- ahəngər» (Pərviz), «Qaçaq Kərəm» (Feyzulla), «Nadir şah» (Rzaqulu xan), «Arşın mal alan» (Telli və Vəli), «Yağışdan çıxdıq, yağmura düşdük» (Yetər) tamaşalarında çıxış etmişdir. Göründüyü kimi, o, səhnədə qadın rollarını oynamışdır. Təbii ki, bu da mövcud vəziyyətlə bağlı idi. Professor Abbas Hacıyevin Tiflis Azərbaycan teatrı ilə bağlı apardığı tədqiqatlardan məlum olur ki, 1919-1920-ci illərdə «İbrət» dram cəmiyyətinin fəaliyyəti çoxcəhətli olmuşdur. Buna görə də Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Əbülfət Vəli dram cəmiyyətləri arasındakı ziddiyyət və narazılıqları nəzərə almır, «İttihad»la «İbrət»in gücündən, şəhərin istedadlı və təcrübəli artistlərindən eyni dərəcədə istifadə edirdilər. Bununla yanaşı, ümumi səyə, repertuar əlvanlığına baxmayaraq, «İbrət»in tamaşaları müasir tələb və ehtiyacı ödəyə bilməmiş, hətta cəmiyyət qadın rollarını kişilərə tapşırmağa məcbur olmuşdur. Lakin bütün bunlar Ələkbər Seyfinin teatra, səhnəyə olan həvəs və məhəbbətini söndürə bilməmişdir. O, qadın rollarını da həvəslə oynamışdır.
   A.Məmmədov və A.Ağamirovun «Ələkbər Seyfi» kitabından: «1919-cu ilin fevralında «Pəri-cadu»da Hafizə xanım rolu Ələkbər Seyfiyə tapşırılır. Qabaqlar həmin tamaşada nökər Əmrah və təlxək rollarını olduqca müvəffəqiyyətlə ifa edən Ələkbər Seyfi əvvəlcə bu roldan boyun qaçırmağa çalışır, lakin yoldaşlarının təhriki ilə razılıq verir. Çox gərgin məşqlər gedir. Məşqlərin birinə xəlvəti baxan Əbdürrəhim bəy Haqverdiyev işdən sonra Ə.Seyfinin yoldaşlarına deyir:
   - Ələkbərdən əla Hafizə xanım çıxacaq.
   Ə.Seyfi böyük ədibin inamını doğruldur, bu zabitəli və qəddar qadının unudulmaz surətini yaradır».
   «Mədəniyyət»in oxucularına məlumdur ki, Tiflis Azərbaycan teatrı truppası iki cəmiyyətə («İttihad» və «İbrət»), hətta ayrı-ayrı qruplara ayrılmışdı və onlar ayrı-ayrılıqda çıxış edirdilər. Əbdürrəhim bəy Haqverdiyev 1919-cu ildə bu iki cəmiyyəti və qrupları birləşdirmiş, yaratdığı teatr cəmiyyətinə yeni istedadlar cəlb etmişdir. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən: «Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdə olmasından istifadə edən hər iki cəmiyyətin («İttihad» və «İbrət» - A.B.) nümayəndələri Haqverdiyevlə görüşdülər, hər iki cəmiyyətin iclası oldu, həmin iclasda iki cəmiyyət birləşdi. Haqverdiyevin təklifi ilə cəmiyyəti idarə etmək üçün heyət seçildi. Heyətə daxil olanlar: Əlimirzə Nərimanov, İsmayıl Həqqi, Ələkbər Seyfi. Həmin iclasda Mirzəli Abbasov, Nadir İbrahimov və mən rejissor vəzifəsinə irəli çəkildik» (Şurəddin Məmmədli. «İbrahim İsfahanlı», Tbilisi, 1997, səh.55-56).
   Ələkbər Seyfi bu teatrda bir sıra maraqlı obrazlar yaratmış və Tiflisdə istedadlı aktyor kimi tanınmağa başlamışdır.
   1921-ci ilədək truppa şəklində fəaliyyət göstərən Tiflis teatrı həmin il hökumətin qərarı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. İbrahim İsfahanlı, Mirzəli Abbasov, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev kimi teatr fədailəri ilə birlikdə Ələkbər Seyfi də Dram Teatrının ilk aktyorlarından olur. Ələkbər Seyfi burada 1929-cu ilədək çalışmışdır.
    Bu illərdə o, teatrda Zabit («İblis»), Şeyx Abuzər və Serqo («Şeyx Sənan»), Pyotr İvanoviç («Müfəttiş"), Vəli ("Arşın mal alan"), Cücə («Topal Teymur»), Kərəməli («Hacı Qara»), Hambal («O olmasın, bu olsun»), Əşrəf bəy («Yağışdan çıxdıq, yağmura düşdük»), Əbdüləli bəy («Sevil»), Şeyx Əhməd («Ölülər») və bir çox başqa rolları uğurla ifa etmişdir.
   1922-ci ildə M.F.Axundov adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrola gəlmişdir. Aktyor heyətində Azərbaycanın Xalq artisti Mustafa Mərdanovun qeyd etdiyi kimi, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, İbrahim İsfahanlı, Nadir İbrahimov, Panfiliya Tanailidi, İsmayıl Həqqi və başqa təcrübəli sənətkarlarla yanaşı, nisbətən gənc olan Ələkbər Seyfi də olmuşdur.
   Qastrol repertuarına J.B.Molyerin «Jorj Danden», Hüseyn Cavidin «Uçurum», Böyükağa Talıblının «Keyf içində» və Mirseyfəddin Kirmanşahlının «Üç cərəyan» pyesləri əsasında hazırlanmış tamaşalar daxil edilmişdi. Həmin tamaşalarda digər həmkarları ilə birlikdə Ələkbər Seyfi də uğur qazanmışdır.
   Ələkbər Seyfi həm də tərcüməçi kimi fəaliyyət göstərmiş, bir sıra səhnə əsərlərini Azərbaycan dilinə çevirmişdir. Aleksandr Tuqanovun 1923-1924-cü illərdə Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində işləyərkən hazırladığı uğurlu tamaşalardan olan «Məkr və məhəbbət» (F.Şiller) pyesini Ələkbər Seyfi tərcümə etmişdir.
   Onun tərcümə etdiyi üçpərdəli «Harunərrəşid» pyesinin də quruluşunu Aleksandr Tuqanov vermişdir. 1924-cü ilin aprelində Ş.Rustaveli adına teatrın binasında Ələkbər Seyfinin şərəfinə oynanılmış bu tamaşada baş rollarda aktyorun özü və Panfiliya Tanailidi çıxış etmişdir.
    O, sonralar Tiflis teatrında, habelə digər teatrlarda tamaşaya qoyulmuş «Qızılquşlar və qarğalar», «İki yetim qız», «İşarə», «Morqanın qohumu» və bir çox başqa pyesləri də dilimizə çevirmişdir.
   Ələkbər Seyfinin teatrşünas və teatr tənqidçisi kimi də fəaliyyəti diqqəti cəlb edir. O, 1920-ci illərdə Tiflisdə «Yeni fikir» qəzetində və «Dan yıldızı» jurnalında dərc olunmuş teatrla bağlı bir sıra məqalələrin müəllifidir.
   Məlumdur ki, 1929-cu ilin əvvəllərində böyük sənətkarımız Abbasmirzə Şərifzadənin səhnə fəaliyyətinin 20 illiyi Tiflisdə də geniş qeyd edilmişdir. Ələkbər Seyfinin bu münasibətlə yazdığı və həmin mətbuat orqanlarında dərc etdirdiyi «Türk səhnəsinin dəyərli aktyoru», «Hamlet» və «Abbas Mirzə Şərifzadənin 20 illik yubileyi» məqalələri teatr tariximizin öyrənilməsi üçün bu gün də əhəmiyyət kəsb edir.
    Ələkbər Seyfi 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət olunmuş, 1932-ci ildən isə fəaliyyətini Gəncədə davam etdirmişdir. O, Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində də çalışmışdır.
   Azərbaycanın Xalq artisti Ələkbər Seyfi 1977-ci ildə dünyasını dəyişmişdir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru