Ötən həftəsonu “Yuğ” Dövlət Teatrında «Qəbir qazma üsulu» adlı yeni tamaşanın premyerası oldu. Argentina yazıçısı A.B.Kasaresin «Qəbiri necə qazırlar?» hekayəsi əsasında hazırlanmış tamaşaya rejissor Gümrah Ömər tövbə oyunu kimi janr təyini verib. Tamaşanın rəssamı Rəşid Şerif, musiqi tərtibçiləri Ramiq Mehdi və Mələk Vəlizadədir.
   
   Tamaşanın süjeti bir cinayətin tarixçəsidir. Yeni ailə qurmuş bir-birini sevən gənclər borclarını ödəmək və açdıqları kafe-mehmanxananı işlətmək üçün yollar axtarırlar. Bu dəm - borcların xirtdəyə yığıldığı vaxtda, özləri demişkən sanki göydən əli zənbilli mələk düşür - hərraca gedərkən azıb təsadüfən onlara pənah gətirmiş varlı bir qadın peyda olur. Sevgililər birləşərək qadını öldürüb pullarına yiyələnirlər. Amma bir cinayət bir qorxunu, o qorxu bir başqa cinayəti çəkib gətirir. Onlar daha birini öldürürlər. Hamıdan şübhələnməyə, əzab içində yaşamağa başlayırlar. Bəlkə o qadın xəyaldır? Bəlkə gənclər bunu yuxuda görüblər? İki adamın eyni yuxu görməsi mümkündürmü?
   Əhvalatı qətlə yetirilmiş Qadın - qatillərinə zərrəcə nifrəti, kini olmayan, əksinə, onlara rəhmi gələn xeyirxah Mələk (Sona Mikayılova) danışır, “Şübhəli kişi” (Vidadi Həsənov) dinləyir, gənc sevgililər (Oktay Mehdiyev və Yaqut Paşazadə) göstərirlər. Bu üsul tövbə oyunu üçün çox yararlıdır. İşin təfərrüatlarını görməyə, düşünməyə, duyğulanmağa və aktyorların təqdimatına kənardan baxmağa kömək edir. Həm də bu üsulla tamaşaçı üçün cinayətkarın kim olması şərti məsələyə çevrilir. Özünü qatillərin yerinə qoymaq asanlaşır. Razılaşın, artan cinayət xəbərlərinin artıq tükümüzü belə tərpətmədiyi bir zamanda bu nə qədər vacibdir. Özünü qatilin yerinə qoymaq. Sadəlövhlük kimi çıxmasın, amma bəlkə də bu üsulla qurulmuş tamaşa neçə-neçə insanı təsirləndirib islah edəcək. Tamaşaçı A.Kuprinin «Təkbətək» povestində Nazanskinin dediyi kimi, anlayacaq ki, adam öldürmək toyuq başı kəsmək deyil: «Hər şey unudulur, ağrı da, nifrət də. Amma öldürdüyünüz adamı unutmaq çətindir, o daima sizinlədir. Dəhşətli odur ki, siz insanın həyat kimi böyük sevincini əlindən alırsınız». Bu əzabla da yaşamaq mümkün deyil.
   Amma, əlbəttə, əvvəlcə tamaşada hər şey tamaşaçını dərindən təsirləndirməlidir. İşıq da, musiqi də, dekorasiya da, aktyorlar da, quruluş da...
   ...Ortada kənarı açılan iri qutu qoyulub. Bu qutu yalnızca bir yataq yeri və məkanı boşluqdan xilas edən tutunacaq kimi funksionaldır. Tamaşanın adını yozmaq və ya tamaşaçıda yeni fikir, yozum yarada bilən bir məziyyəti yoxdur. Ümumiyyətlə, tamaşanın adı əsər boyu tam açılmır. Məsələ süjetin bitkin olub-olmamasında da deyil.
   Tamaşanın qəhrəmanları əslində Gənc qadın və Oğlan (Oktay Mehdiyev, Yaqut Paşazadə) olsa da, əsərin əsas yükü bu əhvalatın açılmasında iştirak edən Qadının (Sona Mikayılova) və Kişinin (Vidadi Həsənov) üzərindədir. Onlar tamaşanın bədii-sentimental və ideya yükünü daşıyırlar. Öz qatilinə yazığı gələn, onun halına yanan, onların gəncliyinə, gözəlliyinə heyifsilənən, onlar üçün darıxan qurban gördünüzmü heç siz? Yaxud Kişi... Əhvalatın təfərrüatlarının açılmasında müstəsna rol oynayan Vidadi Həsənov psixoloji dramdan, kriminal detektivə qədər obrazları geyinib soyunur, sonda yenə şübhəli müdrik kişi olur. Yaşının gətirdiyi müdrik və cazibədar bir təmkinlə yaşlı Qadınla-qurbanla rəqs edir. Bu rəqs ağır kriminallığı qovur, əhvalata sentimental liriklik gətirir. Ezoterik xarakterin ağırlığını daşımaq və tamaşaçını yormamaq üçün ən vacibi də budur. Şübhəli Kişi və qurban Qadının münasibətləri tamaşaya lazım olan yüngüllüyü gətirir. Kişinin zümzümə etdiyi «Bessame Muço» da bu ötəriliyin, faniliyin içində sevgi kimi istilikdən danışır sanki. Qatil sevgililər hər şeyi bu istilik uğrunda etmişdilər. Balaca isti bir ev, əşyalar və bir qız-bir oğlan olmaqla iki uşaq... Tanrı onları arzularla və reallıqla təkbətək qoydu. Onlar bu sınaqdan qatil kimi çıxdılar...
   
   Aliyə