Yenə alqışlar, gül-çiçək dəstələri... Bütün bunlar Mingəçevir Dram Teatrında Rafiq Rəhimlinin “Gizli məhəbbət” psixoloji dramının premyerasından sonra yaşandı.
   
   Maraqla izlənilən tamaşanın rejissoru Sərvər Əliyevin sevinc dolu həyəcanını sezməmək mümkün deyildi. Aktyorların oyunu da mükəmməl idi.
   Çiçək adlı saf və zavallı bir qızın mənəvi sarsıntıları yalnız baş rolun ifaçısı Əsmər Qurbanovanın yüksək oyun məharəti ilə deyil, maraqlı işıq effektləri ilə müşahidə olunan pantomim hərəkətlərlə də tamaşaçılara çatdırılır. Bu da rejissor təxəyyülünün orijinal məhsuludur.
   Pyesin digər qəhrəmanlarından olan rəssam Lətif Səda (İbrahim Salamov) obrazının mənfiliyini olduğu kimi tamaşaçıya çatdıran aktyor teatrsevərlər tərəfindən alqışlarla qarşılandı. Teatrın qocaman aktyorlarından olan Şıxı Yaqubov səhnə əsərində rəssamın meneceri rolunu canlandırır. Ən təsiredici məqamlardan biri Çiçəyin anasının qızının aldandığını eşitdikdən sonra acı fəryad qoparmasıdır. Afət Əliyeva çarəsiz ananın obrazını peşəkarlıqla yaradıb.
   Uğurlu musiqi seçimi edən yaradıcı qrup bəstəkar Sərdar Fərəcovun mahnılarından maraqlı kompozisiya hazırlayıb. Pyesin finalında mübariz qadın obrazının canlanması, xeyirin şər üzərindəki qələbəsi, mənən çürük və puç insanların məhv olması tamaşaçının yaxşı təəssüratla zaldan ayrılmasına səbəb olur.
   
   Esmira Hacıyeva