Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni tamaşalar təqdim edəcək. 
   Hazırda kollektiv ədəbiyyatşünas alim, akademik Məmməd Cəfərin “İnsanlar və talelər” kinossenarisi əsasında hazırlanan “Mirzə Cəlil taleyi” adlı yeni tamaşanı məşq edir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyevdir. Əsərin bədii tərtibatını Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatını Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov verir. Rolları xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Elmira Kərimova, Bəhruz Haqverdiyev və başqaları ifa edirlər.
   Bu il tamaşaçılar həmçinin teatrın səhnəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yazıçı Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” tamaşasını yeni quruluşda görə biləcəklər.
   Görkəmli yazıçı İslam Səfərlinin 90 illiyi münasibətilə “Göz həkimi”, həmçinin Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında yazılan “Manqurt”, görkəmli dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” əsərləri də bu il Naxçıvan teatrında səhnələşdiriləcək.
   
   Ceyhun