Molyerin ölməz komediyası ilk dəfə Musiqili Komediya Teatrında tamaşaya qoyulub
   
   Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi yeni ilin ilk premyerasını təqdim edib. Yaradıcı kollektiv bu dəfə Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan-Batist Molyerin “Skapenin kələkləri” komediyasını nümayiş etdirib.
   
   Bu komediya böyük dramaturqun Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İkihissəli komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
   Tamaşanın musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahimdir.
   Teatrın rus truppasında təqdim olunan tamaşada Əməkdar artist Boris Qrafkin, aktyorlar Svetlana Bulax, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Elvin Əliyev, Marina Litvinenko və başqaları çıxış ediblər.
   Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru, Xalq artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada rol alıb. Xalq artisti bu dəvətdən məmnun qaldığını bildirib.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib ki, “Skapenin kələkləri” komediyası Əsgər Əsgərovun Musiqili Komediya Teatrının rus bölməsində hazırladığı ikinci tamaşadır. Bundan öncə rejissor teatrda Mark Kamolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir” əsərinə quruluş vermişdi.
   Musiqili Komediya Teatrının binasında təmir işləri aparıldığından, “Skapenin kələkləri” Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində təqdim olunub. Anşlaqla keçən tamaşanın ikinci premyerası da fevralın 12-də bu səhnədə oynanılacaq.