Xəbər verdiyimiz kimi, İranın paytaxtı Tehranda keçirilən 31-ci “Fəcr” beynəlxalq teatr festivalında ölkəmiz Akademik Milli Dram Teatrının “Qatarın altına atılan qadın” tamaşası ilə təmsil olunur. Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış tamaşa yanvarın 25 və 26-da Tehranın “Şəhər” teatr və konsert salonunda nümayiş olunub.
   Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi ikihissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Elxan Quliyev (Nəzarətçi), Hicran Nəsirova (Tumsatan) və başqaları ifa edirlər.
   Əsərdə ömrünün ən şirin çağlarını teatra həsr etmiş bir aktrisanın səhnə həyatından sonrakı ömür yolunun acınacaqlı məqamları təsvir edilib. O, qarşılaşdığı haqsızlıq, düşdüyü ağır mənəvi-psixoloji gərginliklə barışa bilməyərək intihar edir.
   Tamaşa, aktyorlarımızın peşəkar ifası teatrsevərlər tərəfindən hərarətlə qarşılanıb. Qeyd edək ki, “Fəcr” beynəlxalq teatr festivalı yanvarın 31-də yekunlaşacaq. Azərbaycanın Xalq artisti, rejissor Cənnət Səlimova festivalda beynəlxalq proqramların münsiflər heyətinin üzvü kimi iştirak edir. Ötən illərdə C.Səlimovanın quruluş verdiyi “O olmasın, bu olsun” və “Don Raffael trambonçu” tamaşaları İranda böyük rəğbətlə qarşılanıb.