Yanvarın 30-da Akademik Milli Dram Teatrında görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədova həsr olunmuş “Dünyada qala bilmək” kitabının təqdimatı keçirildi.
   
   Tədbiri teatrın direktoru, sənətşünaslıq elmləri doktoru İsrafil İsrafilov açaraq, alimin insani keyfiyyətlərindən, elm adamı kimi müsbət cəhətlərindən, onunla səmimi münasibətlərindən danışdı.
   Tədbirin aparıcısı, filologiya elmləri doktoru, professor Elman Quliyev 70 illik ömrünün 45 ilini elmə sərf etmiş alimin tədqiqatlarının əhəmiyyətindən, səciyyəvi xüsusiyyətlərindən bəhs etdi. Qeyd olundu ki, Xeyrulla Məmmədov XIX, XX əsrlər ədəbiyyatı ilə bağlı tədqiqatlarında sovet ideologiyasına yarınan bir cümlə də yazmayıb.
   Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Xeyrulla Məmmədovun əsl alim kimi nümunəvi cəhətlərini vurğuladı. Alimin elm pilləsini istedad və böyük zəhmət hesabına qalxdığını nəzərə çatdırdı.
   Xeyrulla Məmmədovun tələbələrindən olmuş filologiya elmləri doktoru Nizami Xudiyev, professor Qəzənfər Paşayev, Xalq artisti Nurəddin Mehdixanlı və başqa mədəniyyət xadimləri xatirələrini bölüşdülər. Sonda Xalq artisti Ramiz Novruz dayısı Xeyrulla Məmmədovun xatirəsinin işığına yığışanlara minnətdarlığını ifadə etdi.
   «Qanun» nəşriyyatında çap olunmuş «Dünyada qala bilmək» kitabında ayrı-ayrı elm, mədəniyyət və ictimai xadimlərin görkəmli ədəbiyyatşünas alim haqqında məqalələri toplanıb. Ramiz Novruzun tərtib etdiyi, İsrafil İsrafilovun redaktorluğu ilə çap olunan kitaba ön sözü şair Taleh Həmid yazıb.
   Xeyrulla Qulam oğlu Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1957-1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspiranturada oxuyub. 1982-ci ildə elmlər doktoru elmi dərəcəsi alıb. 1991-ci ildə filologiya-tarix fakültəsinin qiyabi şöbəsinə dekan seçilib. Müxtəlif elm ocaqlarında pedaqoji fəaliyyət göstərib. 2005-ci il sentyabrın 8-də vəfat edib.
   
   Aliyə