Fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası nümayiş etdiriləcək. Dünya opera sənəti xəzinəsinə daxil olan bu əsər hər nümayişdə böyük tamaşaçı auditoriyası toplayır.
Səhnə əsərində oynamaq üçün opera sənətinin məşhur ulduzları dəvət edilib. Tamaşada Leonoranın partiyasını Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Belarus Akademik Milli Böyük Opera və Balet Teatrının, Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina ifa edəcək. Manriko rolunda Rusiyanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, Mariinski Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Avqust Amonov çıxış edəcək.
Səhnə əsərinə dirijorluq üçün Santyaqo (Çili) Opera Teatrının bədii rəhbəri və baş dirijoru, Rusiyanın Əməkdar artisti, “Triumf” mükafatı laureatı Konstantin Çudovski dəvət edilib. Operada həmçinin Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (Qraf di Lun), Əməkdar artist Səbinə Vahabzadə (Azuçena) çıxış edəcəklər.