Növbəti seçim turu martda olacaq
   
   Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan folklor nümunələrini və adət-ənənələrini geniş tamaşaçı auditoriyasına çatdırmaq və beynəlxalq səviyyədə layiqincə təbliğ etmək məqsədilə yeni folklor teatrının yaradılmasını qərara alıb. Teatra üzv olmaq istəyən istedadlı və yaradıcı insanlar seçimlərə dəvət edilib. Birinci tur çərçivəsində seçimlər yanvarın 31-də aparılıb.
   
   İdarənin mətbuat xidmətinin rəhbəri Samid Rzayev teatrın yaradılması zərurətindən danışdı: “Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə çoxsaylı müraciətlər olurdu ki, müxtəlif mədəni tədbirlərdə folklor tamaşaları təqdim edək. Amma idarənin nəzdində belə bir teatr yox idi. Azərbaycan zəngin folklor sərvətlərinə sahibdir. Yeni yaradılacaq teatrın bu zəngin folklor irsinin geniş təbliğinə imkan verəcək”.
   Müsahibin sözlərinə görə, teatrın yaradılması təşəbbüsü geniş ictimaiyyət tərəfindən də maraqla qarşılanıb: “Seçim turunda iştirakçılar fəallıq göstərirdilər. Gənclər xüsusilə aktiv idilər. Onların arasında Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, çoxsaylı yaradıcı gənclər də var idi. Münsiflər heyətində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa Hacıbabayev, rejissor Loğman Kərimov, “Cəngi” Rəqs Qrupunun xoreoqrafı Aytən Bünyatova təmsil olunurlar”.
   Münsiflər heyəti çoxsaylı müraciətləri nəzərə alaraq ikinci turun keçirilməsini qərara alıb. Folklor Teatrına növbəti seçim mərhələsi martın 2-də, saat 10.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
   
   Ceyhun