Binasında təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərən Dövlət Musiqili Komediya Teatrında yaradıcı proses davam edir. Hazırda teatrda bir neçə tamaşanın məşqləri aparılır.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin verdiyi məlumata görə, bu tamaşalardan biri görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Rəqslərə Xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verəcək. Əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlardan Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili və başqalarının rol aldığı tamaşanın premyerası aprel ayında nəzərdə tutulub.
Tamaşa gənc rejissor İradə Gözəlovanın Musiqili Komediya Teatrında ilk işidir. O, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2009-2011-ci illərdə A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasını və Meyerxold adına mərkəzin magistraturasını bitirib.