Kamran Quliyev: “Müasir teatr proseslərini klassik teatr ənənələri üzərində tətbiq etməyə üstünlük veririk”
1883-cü ildə Eynəli bəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı «Müsəlman incəsənəti və dram cəmiyyəti» tərəfindən Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri tamaşaya qoyuldu. Hacı Nəcəf Zeynalovun evində səhnələşdirilən bu tamaşa ilə Naxçıvanda peşəkar teatrın əsası qoyuldu. O vaxtdan 130 il keçir. Bu zaman kəsimində Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrı öz məktəbini, tarixini yaratmağa, tamaşaçı sevgisini qazanmağa nail olub. Müsahibimiz Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevdir.
- Bu il Naxçıvan teatrının 130 illiyidir. Yubileyə hazırlıq necə gedir?
- 2013-cü il Azərbaycan teatr sənətinin yubiley ilidir. Peşəkar Azərbaycan teatrının yaranmasının 140 ili tamam olur. Bizim üçün isə ikiqat bayramdır. Bu il həm də Naxçıvan teatrının 130 yaşını qeyd edəcəyik. Beş il öncə teatrımızın 125 illik yubileyi təntənə ilə qeyd edildi. Naxçıvan teatrının 125 illik fəaliyyətini əks etdirən nəfis tərtibatlı kitab işıq üzü gördü, silsilə tədbirlər keçirildi. Həmin yubileydən keçən 5 il teatrımızın həyatında əlamətdar hadisələrlə, yeni tamaşalarla yadda qalıb.
Ötən il teatrımızın binası əsaslı şəkildə yenidən qurularaq ixtiyarımıza verildi. İndi biz ən müasir tələblərə cavab verən yeni binada fəaliyyət göstəririk. İşıq, səs sistemləri, səhnənin texniki avadanlıqları bizə daha mükəmməl səhnə tərtibatları ilə seçilə bilən tamaşalar hazırlamaq imkanı verir. Aktyorların qrim otaqları ən müasir avadanlıqlarla təmin edilib.
130 illik yubileyimizlə bağlı bir sıra tədbirlərin təşkilini nəzərdə tutmuşuq. Muxtar respublika ərazisində yaradıcı kollektivin görüşlərini keçirmək, teatrın tarixi, son illərdə qazanılan uğurlar barədə tamaşaçıları məlumatlandırmaq nəzərdə tutulur. Naxçıvan televiziyasında teatrın tarixinə, ayrı-ayrı sənətkarların yaradıcılığına həsr edilmiş silsilə verilişlər hazırlanır.
- Sizcə, qloballaşma dövründə teatrlar daha çox nəyə önəm verməlidir?
- Hər bir teatr ilk növbədə təmsil etdiyi xalqın milli-mənəvi dəyərlərinə söykənən tamaşalar hazırlamağa xüsusi diqqət yetirməlidir. Tamaşaçı tamaşanın dramaturji materialının hansı xalqa mənsub olmasından asılı olmayaraq səhnə əsərini təqdim edən teatrın hansı millətə mənsub olduğunu bilməlidir. Naxçıvan teatrı tarixi köklərə bağlı, öz yaradıcılıq yolu olan bir teatrdır. Biz müasir teatr proseslərini klassik teatrın ənənələri üzərində tətbiq etməyə üstünlük veririk. Teatrlar əyləncədən daha çox maarifləndirici missiyanı yerinə yetirməlidir. Əgər tamaşaçı zaldan çıxdıqdan sonra tamaşanın təəssüratı ilə yaşamırsa, deməli, teatr qarşısına qoyduğu məqsədə nail olmayıb.
- Naxçıvan teatrı bu gün tamaşaçı problemi yaşamır ki?
- Muxtar respublikada güclü ziyalı potensialı var ki, bu ziyalılar teatrın daimi tamaşaçılarıdır. Bundan əlavə, Naxçıvanda üç ali məktəb, üç orta ixtisas məktəbi (kollec) fəaliyyət göstərir və həmin təhsil ocaqları ilə də sıx əlaqələrimiz var. Teatra tamaşaçı cəlb etmək üçün repertuar seçiminə diqqətlə yanaşırıq. Müşahidə etmişik ki, Naxçıvanda yaşayan insanlar tarixi mövzulu tamaşalara baxmağa daha çox üstünlük verirlər. Repertuar seçərkən isə bu gün insanları daha çox düşündürən problemləri əks etdirən əsərlərə müraciət edirik. Ötən əsrin 90-cı illərində və XXI əsrin ilk illərində teatrın repertuarında məhz tarixi mövzulu əsərlər xüsusilə üstünlük təşkil edib.
- Ötən il teatrın həyatı üçün nə ilə yadda qalıb?
- Naxçıvan teatrı repertuar tərtib edərkən konkret əsərin ilk təqdimatçısı olmağa üstünlük verir. Ötən il də bu ənənəni davam etdirdik. İlin ilk tamaşası Şəfayət Mehdiyevin “Mirzə Fətəli” əsəri əsasında hazırladığımız eyniadlı tamaşa oldu. Tamaşa böyük ədibin 200 illik yubileyinə həsr olunmuşdu. Premyerada Azərbaycanın tanınmış ziyalıları və millət vəkilləri iştirak etdilər. Nazim Hikmətin “Kəllə” faciəsi, görkəmli şair-dramaturq Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar olaraq “Şeyx Sənan”, akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kinossenarisi əsasında səhnələşdirilən tamaşalar da maraqla qarşılandı. Sonuncu tamaşa M.C.Cəfərovun bədii yaradıcılıq məhsulunun ilk dəfə geniş auditoriyaya təqdim olunması, eyni zamanda böyük ədib Cəlil Məmmədquluzadənin həyatının bu günə qədər açılmayan tərəflərini işıqlandırmaq baxımından diqqətçəkəndir.
- Naxçıvan teatrının sorağı tez-tez qastrol səfərlərindən gəlir. Türkiyədə təqdim etdiyiniz “İblis” tamaşası da yaddaqalan oldu...
- Bu bizim digər səfərlərdən fərqlənən bir səfər idi. Tədbir TÜRKSOY-un təşkilatçılığı ilə keçirilirdi. Buna görə də təşkilata üzv olan türkdilli ölkələrin nümayəndələri Ankarada oynadığımız tamaşanı izlədilər. Ankarada yaşayan azərbaycanlılar, təhsil alan azərbaycanlı tələbələr tamaşanı böyük maraqla qarşıladılar. Qastrol səfərləri teatr kollektivləri üçün önəmli olan amillərdəndir. Ona görə ki, kollektiv yeni auditoriya qarşısına çıxır, səfərdə olduğu bölgədə yaşayan sənətkarlarla fikir mübadiləsi aparmaq imkanı əldə edir, özünə, işinə kənar gözlə baxa bilir. Teatrımız ölkəmizin bir çox bölgələrində qastrol səfərlərində olub. Sonuncu dəfə Gəncə, Qazax, Şəmkir və Gədəbəydə olduq. Ötən il həmçinin Türkiyənin Tarsus şəhərində “Türk dünyası teatr günləri” festivalında alman dramaturqu Q.E.Lessinqin “Müdrik Natan” tamaşası ilə iştirak etmişik. Hazırlanan hər yeni tamaşanı muxtar respublikanın rayon mərkəzlərində də nümayiş etdiririk.
- İstedadlı gəncləri teatra necə cəlb edirsiniz?
- Artıq 4 ildir ki, teatrın nəzdində “Təməl” teatr studiyası fəaliyyət göstərir. Teatr sənətinə marağı olan gəncləri müsabiqə yolu ilə studiyaya qəbul edirik, təcrübəli aktyorlarımız onlara bu sənətin nəzəri və praktik tərəflərini tədris edir. İkiillik kursu bitirən gənclər arasından istedadlılarını seçib aktyor truppasına qəbul edirik. Artıq studiyanı bitirən gənclərdən 5 nəfər kollektivə qəbul edilib, 3 nəfər isə Naxçıvan Dövlət Universitetinin aktyorluq fakültəsində oxuyur. Yeri gəlmişkən, hazırda teatrda 33 aktyor fəaliyyət göstərir. Onlardan 6 nəfər Xalq artisti, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 7 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adlarını daşıyır. Teatrın baş rəssamı Azərbaycanın Xalq rəssamı, quruluşçu rəssamların isə hər ikisi muxtar respublikanın Əməkdar rəssamıdır.
- Bu il tamaşaçılar hansı səhnə əsərlərini izləyə biləcəklər?
- Teatrın 2013-cü il repertuar planında İslam Səfərlinin “Göz həkimi”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” və Çingiz Aytmatovun “Manqurt” əsərləri var. Bilirsiniz ki, bu il İslam Səfərlinin 90 yaşı tamam olur. Muxtar respublika Ali Məclisi sədrinin sərəncamı ilə şairin yubileyi geniş şəkildə qeyd edilməkdədir. Bu münasibətlə “Göz həkimi” əsərini repertuara daxil etmişik. Hazırda tamaşanın məşqləri gedir. Mart ayının birinci yarısında tamaşa təhvil veriləcək. Ümummilli liderimiz Heydər Əliyevin bədii obrazı ilk dəfə 2008-ci ildə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” əsəri ilə məhz bizim teatrda səhnəyə gətirilib. Böyük öndərin 90 illik yubileyi ilə əlaqədar olaraq biz bu tamaşanı yeni quruluşda təqdim edəcəyik.
Ceyhun Zərbəliyev