Vaxtilə Bakıda çalışmış türkiyəli diplomatların, media, mədəniyyət təmsilçilərinin bir çoxu bu gün də qardaş ölkə ilə əlaqələrini kəsmir, Azərbaycanda baş verən prosesləri yaxından izləyir, ölkəmizlə bağlı tarixi günləri, sevincli və hüznlü hadisələri qeyd etmək üçün bir araya gəlirlər. Türkiyənin Azərbaycanda sayca doqquzuncu böyükelçisi olmuş, hazırda Türkiyə Xarici İşlər Nazirliyinin Afrika idarəsinin direktoru olan Hulusi Kılıçın zamanında Bakıda fəaliyyət göstərən diplomat və digər qurum təmsilçilərinin Ankarada yaşatdıqları bu ənənə Xocalı soyqırımının 24-cü ildönümündə də pozulmadı. Budəfəki görüşə mən də dəvət almışdım və bu vəsilə ilə qardaş xalqlarımızın qan yaddaşının, əzəli və əbədi birliyinin ifadəsini bir daha görmüş oldum.
Fevralın 26-da Azərbaycan tarixinin ən faciəli səhifələrdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Hulusi Kılıç, səfirliyin keçmiş müşavirləri Səlahəddin Dikmen, İsmayıl Çalışqan, Melda Aras, Yucel Karauz, TRT-nin Azərbaycandakı keçmiş təmsilçisi Yüksel Degercan və digərləri bir araya gəldilər. “24 il öncə Xocalıda ermənilər tərəfindən günahsız soydaşlarımıza qarşı baş verən soyqırımı unutmadıq və unutdurmayacağıq”, - deyən Hulusi bəy qeyd etdi ki, bu soyqırımı müasir çağın ən böyük qətliamlarından biri, insanlıq əleyhinə cinayət, bəşəriyyət üçün utanc səhifəsidir: “Şəhidlərimizin məkanı cənnət və əziz ruhları şad olsun. Azərbaycanın acısı acımızdır”.
Azərbaycanda çalışdığı dövrdə çəkdiyi sənədli filmlər, hazırladığı xəbər və proqramlarla Dağlıq Qarabağ münaqişəsinin Türkiyədə daha geniş tanıdılmasında xidmətləri olan Yüksel Degercan da “Azərbaycanın sevinci sevincimiz, acısı acımız” deyərək bildirdi ki, Türkiyə bu davada hər zaman Azərbaycanın yanındadır.
Tədbirdə digər iştirak edənlər də öz çıxışlarında Azərbaycan və Türkiyənin iki dövlət, bir millət olduğunu təkrar-təkrar dilə gətirərək qardaş xalqın kədərini paylaşdıqlarını bildirdilər.

Mehparə Sultanova
Ankara