Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın Həştərxan vilayətinə və Kalmıkiya Respublikasına qastrola gedib. Teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 25 nəfərlik heyət səfərə P.Turrininin “Axır ki...”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını aparıb.
8-9 apreldə Həştərxan Gənc Tamaşaçılar Teatrında çıxış etdikdən sonra kollektiv aprelin 11-13-də Kalmıkiyanın Elista şəhərində, B.Basanqov adına Milli Dram Teatrında səhnəyə çıxacaq.
Xatırladaq ki, mədəni əməkdaşlığa dair sazişə əsasən ötən ilin sentyabr-oktyabr aylarında Gənc Tamaşaçılar Teatrı Həştərxan və Elista şəhərlərində uğurla çıxış etmiş, noyabr ayında isə Həştərxan Gənc Tamaşaçılar Teatrı Bakıda səfərdə olmuşdu. Həmçinin 2012-ci ilin martında Kalmıkiyanın Milli Dram Teatrı iki tamaşa ilə Bakıya gəlmişdi.
Gənc Tamaşaçılar Teatrı səfərdən sonra bu ilin may ayında Kalmıkiya teatrını yenə paytaxtımızda qəbul edəcək.
Həmidə