İlham Rəhimli
Bir neçə dəfə Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kamal Xudaverdiyevlə mətbuat üçün söhbət eləmək istəmişəm, hər dəfə də onun ortadan bir işi çıxıb. Hərdən ötəri görüşəndə, ya teatrın aktyor bufetində çay içəndə müsahibə məsələsini yadına salırdım. O da deyirdi ki, «müsahibə yox, amma gəl, teatrın problemləri ilə bağlı mübahisə edək. Bu olar iş».
Razılaşmışdım, amma və di gəl ki, buna da vaxt tapmırdı. Bir az özündə özünə qarşı biganəlik vardı, bir az da bunu özünüreklam kimi başa düşürdü. Özündən çox danışmağı xoşlamadığı üçün də söhbətləşməyimizə dəqiq vaxt təyin eləmirdi.
Buna baxmayaraq, elə ayaqüstü, ötəri görüşlərimizdə sənət barədə söhbətləşəndə ürəyimdən keçən sualları sual kimi yox, sözgəlişi deyim kimi dilə gətirirdim. Kamal da ya əsəbi, ya rahatsızlıqla, ya da mübahisə təriqiynən mənim sözlərimə öz münasibətini bildirirdi. Beləcə, istədiklərimi yavaş-yavaş ondan alırdım...
Xəstə vaxtlarında görüşümüz az olurdu və onda da hiss eləyirdim ki, teatrdan danışmağa halı yoxdur. Həm də bir az əsəbiləşirdi və mən də onu bu vəziyyətdə gərgin görmək istəmirdim.
Müxtəlif vaxtlarda, hətta müxtəlif illərdə ikilikdə, eləcə də bir neçə nəfərin iştirakı ilə adi görüşlərimiz də olub. Həmin vaxt etdiyimiz söhbətlərdən qeydlərimdə yazılmış fraqmentləri oxuculara təqdim etmək istəyirəm.
Gərək oxucular söhbətlərin arasındakı qırıqlığa görə məni məzur tutsunlar. Ona görə də hər epizodu ulduzlarla bir-birindən ayırıram.
* * *
1981-ci ilin sonlarında İrəvanda ümumittifaq Şekspir tamaşaları festivalı keçirilirdi. Azərbaycan Milli Dram Teatrı festivalda yenicə tamaşaya hazırladığı «Maqbet» əsəri ilə iştirak edirdi. Festivalda SSRİ məkanının müxtəlif teatrlarından çox maraqlı tamaşalar gətirmişdilər. Zəif tamaşalar da vardı və təəssüflər ki, onlardan biri də Azərbaycanın nümayiş elətdirdiyi səhnə əsəri idi.
Festivalda mən də iştirak edirdim və günü bu gün də ürək ağrısı ilə yadıma salıram ki, tamaşanın birinci pərdəsi sona çatar-çatmaz salonun yarısı boşalmışdı.
Axşam elə oldu ki, təxminin on ikinin yarısında eyni vaxtda restorana yeməyə düşdük. Həmin söhbətdən kövrək xatırlamalar...
Kamal. Teatrdaydın?
İlham. Hə.
Kamal. Bilirəm ey, teatra avtobusda biznən getdin. Yəni baxırdın tamaşaya?
İlham. Baxırdım.
Kamal. Axıra kimi qaldın?
İlham. Lap axıra kimi.
Kamal. Gördün də... Bizimkilərin, deyəsən, heç utanan sifətləri yoxdur ey.
İlham. Nə olub ki?
Kamal. Sən də qəribə adamsan ey. Hələ bir sual da verirsən. Day nə olmalıdır ki? Hökm idi, gərək 70 yaşlı Ledi Maqbetnən festivala gələydik?
İlham. 70 yox, 68 yaş.
Kamal. Olsun 68 yaş. Gördün, finalda beş-on adam qalmışdı zalda... Hamı gülürdü ey bizə. Səhnədən bu gülüşləri eşitmək, bilirsən, nə qədər ağırdır?
İlham. Yəqin... Amma sənin Maqdufun yaxşıydı.
Kamal. Nəyi yaxşıydı ey? Bir tamaşada ki, Maqbet yoxdu, Ledi Maqbet yoxdu, orda hansı yaxşıdan danışırsan? Yanıb tökülürəm... Əşi, bəyəm bizdə həmin rolları oynaya bilən cavan aktyorlar yoxdur?
İlham. Sən rejissor olsaydın kimə verərdin Ledi Maqbeti?
Kamal. Ledi Maqbeti verərdim Şəfiqə Məmmədovaya, Maqbeti də Həsən Turabova. Maqbeti elə özüm də oynamaq istəyərdim. Lap elə Turabova dublyor olardım.
İlham. Bəlkə də haqlısan, ay Kamal. Amma, necə deyərlər, qatar getdi.
Kamal. Hara getdi ey? Day qatar yoxdur bəyəm? Elə hər il gedir də bu qatar... Axırı nə olacaq, Allah bilir.
İlham. Nəyi nəzərdə tutursan?
Kamal. Teatrın vəziyyətini, özümün işləməyimi. Əşi, Otar, İslam, Kamandar, Tahirov, Həmkar, Loğman kimi ala-bula rollarnan hara gedəcəm mən? Ya olsun Kral obrazı. Bəyəm Puşkinin «Yatmış gözəl və yeddi qardaş» əsəri akademik teatrın xörəyidir? Bunun üçün «Tyuz» (Gənc Tamaşaçılar Teatrı. - İ.R.) var də. Son səkkiz ildə oynadığım rolların içində az-çox ürəyimə yatanı «Qılınc və qələm»də Fəxrəddin, bir də «Dəli yığıncağı»nda Cinni Mustafadır. Aktyor da səkkiz ildə cəmi on rol alar? Onun da ancaq ikisi yaxşı olsun? Niyə düşünmürlər biz aktyorları?
İlham. Eldarı da oynamısan...
Kamal. Saxla!.. Açığını deyim, mən bərpa tamaşalarında oynanan rolları yaradıcılıqdan saymıram. İş odur ki, hansısa əsərdə əvvəldən məşq edib ilk tamaşalarda oynayasan.
* * *
Teatrın binası 1990-cı ildən təmirə dayanmışdı. Kollektiv öz tamaşalarını Azərbaycan Dövlət Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Respublika Sarayının, Aktyor evinin səhnələrində göstərirdi. 1991-ci il mart ayının 7-də sarayda İlyas Əfəndiyevin «Tənha iydə ağacı» pyesinin ikinci premyerası gedirdi. Fasilədə səhnənin arxasına keçib aktyorları təbrik etmək istədim. Səhnənin yanındakı meydançada xeyli aktyor vardı. Nəcibə Məlikova, Mikayıl Mirzə, Əliabbas Qədirov, Firəngiz Mütəllimova, Məlahət Abbasova ilə görüşdüm. Digər ifaçıları soruşdum. Dedilər ki, bəzisi yuxarıda qrim otaqlarında, bəziləri də bufetdədir.
Geri qayıtmaq istəyəndə gördüm ki, Səyavuş Aslanla Kamal Xudaverdiyev gülə-gülə, qol-boyun liftin yanından səhnəyə tərəf gəlirlər. İstədim zarafat eləyim.
İlham. Allah sizi həmişə mehriban eləsin.
Kamal. (əyilib Səyavuşu öpdü) Atamdı, qurban olaram ona. Məni bufetdə necə lazımdı təbrik elədi, sağ olsun.
Səyavuş. Alə, sən öləsən, yığıb ey bu məni cana. Deyirəm, gəl yazıl mənim pasportuma, işimi bilim də. Restoran görür, deyir, məni təbrik elə. Bulvara gəlir, deyir, məni təbrik elə. Bayaqdan bəri dirənmişdi ki, bura saraydı, məni təbrik elə.
Kamal. Deyinmə də, ata.
(Rejissor assistenti Nəcəf Həsənzadə bizə yaxınlaşdı. Kamal Nəcəfin öz sözləriynən ona sataşdı).
Kamal. Nə lazımdı?
Nəcəf. (gülə-gülə) tamaşadan sonra, tamaşadan sonra... (üzünü Səyavuşa tutdu) Qədeş, Həsən Turabov səni çağırır.
(Səyavuş Nəcəfnən pərdənin arxasına tərəf getdilər. Kamal qoluma girdi və keçib divarın dibində düzülmüş stullarda əyləşdik).
İlham. Kamal, bayaq səhnədə mənə elə gəldi ki, mizanı pozdun. Heç yeri deyildi, amma sən pauza verdin. Bilinmədi ki, sözünü kəsərək sağa-sola baxıb sonra niyə danışdın?
Kamal. Düz deyirsən. Əşi, tamaşanın məşqlərini teatrın kiçik səhnəsində aparmışıq. Rejissor Mərahim Fərzəlibəyov mizanları həmin səhnəyə uyğun verib. Kərim bəy qızı Sürəyya ilə görüşdə vətən nisgili haqqında sözlərini səhnənin bu başından o başına gedə-gedə söyləməlidir. Kiçik səhnədə bu ölçü 8-9 metr olardı. Sarayda bu məsafə 20 metrə yaxındır. Birinci tamaşanı Əliabbas oynadı. Tamaşadan sonra rejissor zalım oğluna ikimiz də dedik ki, mizanı dəyiş. Dəyişmədi. Amaliya qalıb səhnənin o başında, mən qalmışam bu başında. Bir-birimizin dediyi sözləri gücnən eşidirik.
İlham. Özünüz dəyişərdiniz mizanları. Bəs sarayda məşq etməmisiniz?
Kamal. Bir gün elədik, o da elə-belə, ötəri. Üç saatlıq tamaşanın məşqi bir saata qurtardı.
İlham. Növbəti tamaşa nə vaxt olacaq? Heç olmasa ona yaxşı hazırlaşın.
Kamal. Nə bilim, nə vaxt olacaq... (tərs-tərs mənə baxdı) Sən də qəribə adamsan ey. Əşi, bilmirsən bəyəm tamaşanın birini ala dağda oynayırıq, o birini qara dağda?.. “Rus draması”nda bir cür oynayırıq. “Gənc tamaşaçılar”da başqa cür. Aktyor evində tamam ayrı cür. Çünki heç birinin səhnəsinin ölçüsü bir-birinə uyğun deyil. Nə dekorasiyaları qurmaq olmur, nə mizanları olduğu kimi oynamaq mümkün deyil. Bu səhnədəki dekorasiyanın yarası o biri səhnədə kənarda qalır.
İlham. Bir az dözün də, bu gün-sabah təmir qurtaracaq, öz binanızda hər şey yerinə düşəcək.
Kamal. Kefdən danışırsan. Səhnəni söküb qoyublar böyür üstə. Üç aydan çoxdur bir nəfər də yoxdur ki, hansısa taxtaya bir mıx vursun. Belə getsə hələ üç-dörd il də qaraçı taboru kimi burdan ora, ordan bura köçəcəyik. İnanırsan, İlham, Allaha and olsun adam bezir, işləməyə həvəs qalmır.
İlham. Təzə əsər hazırlayırsınız?
Kamal. O günü bədii sovetin iclası oldu. Həsən Əbluc deyir «Qədr gecəsi»ni qoyacam. Şair Eldar Baxış yazıb. Lütfi deyir «Əcəb işə düşdük» pyesini hazırlayacam. Mərahim Fərzəliəbyov təzə dramaturq tapıb, Marat Haqverdiyev. «Ox, qadınlar, qadınlar», «Qısqanc ürəklər» pyeslərini verib teatra.
İlham. Necə pyeslərdi, oxunuşu olub?
Kamal. Mən oxumuşam. Vallah heç biri bizim teatrın xörəyi deyil. Bəhram da bu tərəfdən deyir ki, «Qarağaclar altında məhəbbət»i ixtisar eləyib üç aktyornan tamaşaya qoyacam.
İlham. Amerika dramaturqu Yucin O"Nilin əsəridir. Nobel mükafatı laureatıdır. Axı həmin pyesdə iştirakçı çoxdur.
Kamal. Hələ oxumamışam, amma Bəhram deyir ki, kamera tamaşası hazırlayacam. Görək nə olur də... Fərli-başlı biznes qabiliyyətimiz də yoxdur ki, gedib alvernən məşğul olaq. Siqaretdən, bakuşdan satıb başımızı dolandıraq.
İlham. Yəni bu qədər bezmisən teatrdan?
Kamal. Tək mən yox ey, çoxumuz bezmişik. Aldığımız məvacibə bir kisə soğan düşür. Bədbəxt oğlu aktyor, gəl indi dolan görüm, necə dolanırsan... Qiymətlər də günü-gündən ildırım sürətiynən qalxır...
* * *
1995-ci il dekabrın 27-də Elçin Həsən Turabova zəng vurub umu-küsü eləmişdi. Demişdi ki, üç ilə yaxındır «Ah, Paris... Paris!..» pyesini məşq edirsiniz, amma hələ axırını bir yana çıxara bilməmisiniz. Düz deyirdi.
Komediyadakı Əsədulla rolunu Səyavuş Aslanla Məlik Dadaşov oynamalı idilər. Məlik neçə dəfə məşqə gəlməmişdi. Səyavuş Musiqili Komediya Teatrına bədii rəhbər keçmişdi. Akademik teatrın binasının təmiri qurtarmamışdı... Aləm qarışmışdı bir-birinə. Elçinin də əsərinin hasilə gəlməsi beləcə müşkülə düşmüşdü.
Elə həmin gün Həsən Turabovun otağında Azər Paşa Nemət, Məlik Dadaşov və mən bu məsələni müzakirə elədik. Həmin dövrdə teatrda ədəbi hissə müdiri işləyirdim. Qərara alındı ki, Səyavuş Aslan yenidən öz roluna bərpa edilsin. Məşqlər saat 11-dən saat 10-a keçirildi ki, Səyavuş buradan çıxıb öz teatrında da məşqləri apara bilsin. Səyavuş Aslan o vaxtı Şıxəli Qurbanovla Süleyman Ələsgərovun «Özümüz bilərik» musiqili komediyasını tamaşaya hazırlayırdı.
Bir azdan Kamal Xudaverdiyev də gəldi. Məlik Dadaşov ayağa qalxıb getmək istədi.
Həsən. Məlik, danışdıq də, sabahdan vaxtlı-vaxtında məşqlərə gəlirsən.
Məlik. Həsənağa, sənin canınçun səhnəyə çıxmaqdan bezmişəm. Oynamaq istəmirəm. Bütün həvəsim ölüb. Deyəsən, ərizə yazıb işdən çıxası olacam.
Həsən. Çox nahaq yerə. Sən ərizə yazacaqsan, mən də ya cıracam, ya da qol çəkməyəcəm. Get, kimə istəyirsən şikayət elə.
Məlik. Onda icazə ver tamaşa hazırlayım.
Həsən. Gözüm üstə. Hansı əsəri tamaşaya qoymaq istəyirsən?
Məlik. Cavidin «Şeyx Sənan»ını.
Həsən. Sabah əmr asılacaq. Üç günə rol bölgüsünü mənə təqdim elə.
Məlik. İstəyirəm Şeyx Sənanı sən oynayasan.
Həsən. Məlik, ağ eləmə. Mənim Şeyx Sənan yaşım keçib... Get fikirləş, rol bölgüsünü müəyyənləşdir. Üç gün sonra görüşərik. Yaxşı axtarsan elə öz teatrımızdan azı iki Şeyx Sənan taparsan. Ürəyindən keçsə, başqa teatrdan da aktyor dəvət edə bilərsən. Təki sən razı qal.
Məlik. Onda sən hələ əmri vermə, qoy əvvəlcə rol bölgüsünü müəyyənləşdirim. Sonra elə ikisinə bir əmr verərsən.
Həsən. Danışdıq...
(Məlik Dadaşov razılaşıb kabinetdən çıxdı. Azərpaşa Nemətov da dilxor getdi. Təəssüflər ki, «Şeyx Sənan»ı hazırlamaq fikri söz olaraq qaldı... Məlik müəllim əsasən pedaqoji fəaliyyətlə məşğul oldu və bir il sonra Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında dərs keçərkən yıxılıb başından ciddi zədə aldı. 3 dekabr 1996-cı ildə dünyasını dəyişdi...)
Həsən. (Kamala) Görürsən də, Kamal. Bu boyda nəhəng aktyor səhnəyə çıxmaqdan bezib... O belə edəndə teatrdan çıxmaq istəyən gənclərə nə deyim?
Kamal. Düz eləyir də Həsən, istədiyi rolu verin, qoy ürəknən oynasın. Gərək şərait...
Həsən. (onun sözünü kəsdi) Gileynən danışmayın ey. Nə istəyir desin, elə bu saat əmrin verim.
Kamal. Belə getsə, mən də teatrdan çıxacam.
Həsən. (əsəbi) Sən nə istəyirsən?
Kamal. Nə istəyəcəm, rol... rol... bir də rol.
Həsən. Hansı rolu?
Kamal. Ciddi soruşursan?
Həsən. Yox bir zarafat eləyirəm... Əlbəttə, ciddi sözümdü.
Kamal. Sabit Rəhmanın «Toy» komediyasında Kərəmovu, Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan»ında Məstəlişahı. Bir də musiqisiz, adi komediya kimi hazırlamağa icazə versən «Məşədi İbad»da Məşədi İbadı oynayaram.
Həsən. Zarafat eləyirsən? Bəyəm sən komediya aktyorusan?
Kamal. Həsənağa, özüm ölüm düz sözümdür. Özü də lap ciddi deyirəm.
Həsən. Kamal, elə bu saat qalx dördüncü mərtəbəyə, «Yuğ» teatrına. Vaqif İbrahimoğluynan danış, fikrini ona de. Tamaşaların rejissoru olmağa razılıq versə, birlikdə gəlin yanıma. Hansı əsəri birinci istəsəniz, onun da hazırlanması barədə əmr verəcəm... Ancaq hər kim sözünün dalından qaçsa...
Kamal. Nə deyirsən elə o...
Həsən. Danışdıq.
(Hökumət telefonu zəng çaldı. Həsənin danışığından başa düşdük ki, Elçindir. Onların danışığı xeyli çəkdi. Kamal mənimlə üzbəüz oturmuşdu. Özümü saxlaya bilmədim).
İlham. (asta səslə) Kamal, Kərəmovu Mirzağa Əliyev, Əliağa Ağayev oynayıblar ha. Elə-belə rol deyil.
Kamal. Onları mən də bilirəm. Kərəmov elə-belə rol olsaydı, mən onu oynamaq istəməzdim ki. Qoy Vaqif «Toy»u hazırlamağa razılıq versin, onda görərsən ki, əsl Kərəmov necə olmalıdır. Eləcə də Məstəlişah. Mən başa düşmürəm, niyə bütün aktyorlar onu ipləmə, hay-küyçü kimi oynayırlar. Atam balası, bu kişi dərvişdi. Səsi-sorağı İrandan bu yana, üzü Tiflisəcən yayılıb. Külli-Qarabağda məşhurdur. Deməli, bu kişidə nəsə var də. Ya hipnoz, ya gözbağlayıcılıq, hələ bilmirəm. Ancaq mən onu çox ağıllı və hər vəziyyətdən baş çıxara bilən səriştəli fırıldaqçı, qorxmaz dələduz kimi oynamaq istəyirəm.
İlham. Nə deyirəm, kaş sən deyən olsun. Ölməyib sağ qalsaq baxarıq...
Kamal. Niyə ölürük, inşallah baxarıq.
İlham. Bəs Məşədi İbadı necə görürsən?
Kamal. Azərbaycanın bugünkü biznesmenləri kimi. Ağlı var, pul qazanmağın çəmini tapıb. Evi-eşiyi, bazarda dükanı, dükanda alveri. Kişi özünə arvad almaq istəyir də. Burada nə qəbahət var ki? Həm də qızın atası özü Məşədi İbadın ayağına gəlir ki, qızının hesabına ondan bir az pul qoparsın. Bəyəm bu gün qızını pula satan dəyyus adamlar yoxdur? Var! Özü də nə qədər istəsən...
Üç-dörd gün sonra öyrəndim ki, Vaqif İbrahimoğlu Kamalın təklifini qəbul edib. Ancaq onun da öz şərti olub. Deyib ki, əvvəlcə Həsən Turabovla Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsini hazırlayacaq, sonra Kamalnan işləyəcək.
Ancaq və di gəl ki, bu istəklərin heç biri reallaşmadı...
(Ardı var)