Bir neçə dəfə Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kamal Xudaverdiyevlə mətbuat üçün söhbət eləmək istəmişəm, hər dəfə də onun ortadan bir işi çıxıb. Hərdən ötəri görüşəndə, ya teatrın aktyor bufetində çay içəndə müsahibə məsələsini yadına salırdım. O da deyirdi ki, «müsahibə yox, amma gəl, teatrın problemləri ilə bağlı mübahisə edək. Bu olar iş».

(Əvvəli ötən sayımızda)

Səhnədə «Sokratı anma gecəsi» tamaşasının bir növ ictimai baxışı idi. Çox adam dəvət edilməmişdi, teatrın bədii rəhbəri Həsən Turabov, quruluşçu rejissor Mərahim Fərzəlibəyov, daha bir neçə adam zalda əyləşib tamaşaya baxırdılar. Üç gün sonra, 1999-cu il aprelin 9-da tamaşanın premyerası göstəriləcəkdi. Aprelin 3-də «Şah Edip, yaxud alın yazısı» («Şah Edip») faciəsinin ilk tamaşası olmuşdu. Zala keçmək istəyəndə mənə dedilər ki, tamaşanın rəssamı Tahir Tahirov səni soruşurdu, nə isə sözü vardı. Truppa müdirinin otağına, dördüncü mərtəbədə rəssamların tərtibatları böyük pərdələrə köçürdükləri sexə baş çəkdim, ancaq Tahiri tapmadım. Aktyor bufetinə gəldim.
Kamal Xudaverdiyevin aktyor bufetində öz yeri vardı. Adətən küncdə, pəncərənin yanında oturardı. Özü də bir az yanakı oturardı ki, bufetdəkilərin hamısını görə bilsin. Çünki hansısa hərəkəti xoşuna gəlməyən aktyora replika atırdı, hərdən lap acı söz də deyirdi. Elə də çayxor deyildi, amma qarşısında çox vaxt içindəki çayın yarısı içilmiş armudu stəkan olardı. İki dənə də nazik limon dilimi. Amma bu limon çay üçün deyildi...
Bufetdə iki-üç gənc aktyor bir mizin arxasında sakitcə söhbətləşirdilər. Kamal Xudaverdiyev Çingizxanın geyimində, qrimində daimi yerində oturmuşdu. «Sabahınız xeyir!» deyib elə qapının ağzından Tahiri soruşdum. Bufetçi Ağabəy dedi ki, Tahir bu gün bura gəlməyib.
Kamala tərəf çöndüm. Gözucu mizin üstünə baxdım. Limon diliminin ikisi də nəlbəkinin içindəydi...
İlham. Necəsən, ay Kamal?
Kamal. (yarıboş çay stəkanını göstərdi) Necə olacam, belə də...
(Geri dönüb çıxmaq istədim. Kamal arxadan səsləndi).
Kamal. Hara gedirsən, gəl otur görək. Qorxma, hələlik ayrı şey yoxdur (mizin üstünü göstərdi).
İlham. «Sokrata» baxmaq istəyirəm.
Kamal. Srağagün baxdın də. Bir də premyeraya gələrsən.
(Nə demək istədiyini başa düşdüm. Keçib onun yanında oturdum. Bilə-bilə sual verib söhbəti dəyişdim).
İlham. Premyeranız nə vaxtdır?
Kamal. Ayın 9-da... Müəllim, baxdın bizim tamaşaya?
İlham. Akademik teatrda bütün tamaşalar sizindi də. Hansını deyirsən?
Kamal. Bizim olsa da, hamısı mənim deyil. «Şah Edip»i deyirəm.
İlham. Baxdım.
Kamal. Heç bir söz demirsən... Yaxşıdı... pisdi... babatdı... Apar qaytardı...
İlham. Ay Kamal, premyera günü gəlib qrim otağında səni təbrik eləmədik?
Kamal. Kimnən?
İlham. Həsən Turabovnan ikimiz.
Kamal. Doğurdan? Nə bilim əşi, premyera günü adam elə həyəcanlı olur ki, çox şey yadında qalmır. Hələ gec deyil, fikrini indi de.
İlham. Fakt şəxsən mənim üçün çox dəyərlidir. Nəhayət, Milli Dram Teatrı antik dramaturgiyaya müraciət etdi. Afişalarda Sofoklun da adı yazıldı...
Kamal. Dayan ey, mənim üçün tarix-nadir açma burda. De görüm, mənim oynadığım şah Edip necə çıxmışdı?
İlham. Suala sual versəm olar?
Kamal. Verməyinə ver, amma mətləbdən uzaqlaşma.
İlham. Onda mənə de görüm, şah Edip klassik bədii personaj baxımından bu rolu ifa edən Kamal Xudaverdiyev üçün kimdir?
Kamal. Ağlına gəlməyən dəhşətli hadisə başına gələn bədbəxt... Bəlkə də zavallı.
İlham. Finalda nəyə görə daha çox zavallı Edip oynayırdın? İstəyirdin tamaşaçıların ona yazığı gəlsin?
Kamal. Bəs kimi oynayaydım? Uzun illər bilmədən anası ilə yataqda bir yastığa baş qoyan, iki qız, iki oğlan övladına həm ata, həm qardaş olan taxt-tac sahibinin bu faciəli aqibətini necə oynamaq lazımdır? Bütün bu dəhşətlər onun başına özü bilməyərəkdən gəlib axı. Alimlər bunu qəzavü-qədər, alın yazısı adlandırırlar. Sofokl pyesin mövzusunu yunan əsatirindən götürüb.
İlham. Bunu bildik.
Kamal. Sən mənə de görüm bugünkü tamaşaçıya əsatiri səhnədən nəql eləməyin nə xeyri, ya nə mənası olar?
İlham. Məncə, heç bir xeyri, heç bir mənası. Onda bu, teatr tamaşası olmaz ki. Əsatiri olduğu kimi bilmək kimə lazımdırsa, zəhmət çəkib kitabı açıb oxusun.
Kamal. Ay sağ ol! Bax, ona görə də mən zavallı insan Edipi, Tanrının qəzəbinə tuş gələn qüdrətli bilək sahibi Edipi, atasının tutduğu bəd əməllərə cavab verməyə məhkum olunmuş qatil şah Edipi oynamağa çalışmışam. İnsan tutduğu pis əmələ görə vicdan əzabı çəkmirsə, yalnız özünü düşünürsə bu, faciədir. Mənim fikrimcə, fərdin törətdiyi bədbəxtlik, kimlərəsə elədiyi pislik bir il... on il... əlli il... sonra onun övladının, nəvəsinin, bəlkə də nəticəsinin qabağına çıxacaq. Özü də daha dəhşətli formalarda.
«Şah Edip» faciəsinin süjetini xatırlayaq.
Edipin atası Lay hökmdar Pelopa qonaq gedir və onun oğlunu oğurlayır? Bu, hansı insanlığa sığır? Lay duz-çörəyi namərdcəsinə tapdalayır, insanlıq ləyaqətini itirir. Pelop əsatirdə, eləcə də pyesdə Ellada sakinlərinin inanc yeri olan Olimp dağındakı allahlara üz tutur. Onlardan Layın cəzalandırılmasını istəyir. Allahlar Pelopun qarğışını qəbul edirlər və Layı lənətləyirlər. Hətta Laya çatdırılır ki, o, oğlunun əlində öləcək. Belə də olur. Lənətlənmiş Layın günahlarının əziyyətini oğlu Edip, arvadı İokasta çəkirlər. Deməli, Edip daxilən, ruhən qatil, cani deyil.
Bax, mənim oyunumun əsasında bu fikir durur.
İlham. Sofoklun yazdığı pyesdə belədir ki, şah Edip özünün ata qatili olduğunu, anası ilə evləndiyini biləndən sonra həm anası, həm də arvadı İokastanın sancağıynan öz gözlərini kor edir. Dramaturqun bu finalı bəyəm şah Edipin zavallılığına dəlalət edir?
Kamal. Burada başqa məsələ var. Mən tamaşanın rejissoru Bəhram qardaşıma dedim ki, gəl, bizim yozumda Edip finalda özünü öldürsün.
İlham. Arqumentin nədir? Nə üçün bunu istəyirdin?
Kamal. Çünki Edip çox iradəli, igid, cəngavər, hökmdarı olduğu məmləkətdə adamlara xoş güzəran bəxş etmiş adamdır. Onun keçirdiyi dəhşətli sarsıntının nəticəsində özünü kor etməsi məncə düzgün deyil. Çünki Edipin kor olması rüsvayçı keçmişini unutmağa əsas vermir axı. Əksinə, o kor ola-ola keçmişini xatırlamaqla bir az miskin və yazıq görünə bilər. Ancaq mənim oynadığım Edip qətiyyən nə miskin, nə də yazıq deyil. Şah Edip talesiz zavallıdır.
İlham. Maraqlı yozumdur və geniş mənada «Şah Edip kompleksi» adlanan fəlsəfi konsepsiyaya uyğun gəlir. Bəs nə üçün finalda şah Edip özünü öldürmədi?
Kamal. Nə bilim... Bəhram razı olmadı... Tamaşanın rejissoru odur, mən neynəyə bilərdim...

* * *
2000-ci il fevral ayının 21-i idi. Tezdən gəlmişdim, teatrdakı otağımdaydım. Həsən Turabov haqqında yazdığım «Aktyora oxşamayan adam» kitabımın korrektor nüsxəsini gözdən keçirir və şəkilaltı sözləri bir də oxuyurdum. Bir neçə şəkilaltı sözün yerləri dəyişik düşmüşdü, onları düzəldirdim. Nəşriyyatdan demişdilər ki, materialları günortayacan qaytarmalıyam.
Kimsə qapını şəstlə açdı və başımı qaldıranda Kamal iri addımlarla yaxınlaşıb əl verdi.
Kamal. Salam! Müəllim, yorulmadın bu yazmaqdan? (Keçib divanda əyləşdi. Divan sağ tərəfdən mənim stoluma bitişik idi).
İlham. Yazmıram, oxuyuram.
Kamal. Nə oxuyursan?
İlham. Həsən Turabov haqqında kitab yazmışam, oradakı şəkillərlə sözlərin düz gəlib-gəlmədiyini yoxlayıram.
Kamal. Mənim haqqımda da nəsə yazmısan?
İlham. Elə şey olar, əlbəttə. Həsənlə bir yerdə oynadığınız tamaşalardan söz açanda səndən də yazmışam.
Kamal. Sağ ol da, gərək adamın adamı olsun... Bəs ayrıca mənim haqqımda nə vaxt kitab yazacaqsan?
İlham. Sağlıq olsun.
Kamal. İndi istəmirəm... Mən öləndən sonra yazarsan.
İlham. Sənin nə yaşın var ki, ölümdən danışırsan?!..
Kamal. Altmış iki yaş azdır bəyəm?
İlham. Əlbəttə azdır.
Kamal. Yaxşı... Onda elə-belə, sözgəlişi dedim... Axı ölən aktyoru hamı tərifləyir... Sən də məndən ancaq tərif yazarsan (şaqqanaq çəkib güldü).
İlham. Ay Kamal, səhər-səhər xeyir ola?
Kamal. İşim düşüb sənə. Gördüm maşının darvazanın ağzındadı, bildim ki, otaqdasan.
İlham. Mən sənin qulluğunda hazır. Amma otağımda...
Kamal. (sözümü kəsdi) Əşi yox, onu demirəm, hələ olmaz, saat 12-də məşqim var. Qalsın sonraya.
İlham. Bəs onda...
Kamal. Bir macal ver də, deyirəm. Yaxşı bir ərizə yazmaq lazımdır... Prezidentin adına... Ev üçün...
İlham. Onda ala sən kitabda gedəcək şəkillərə bax, mən də ərizəni yazım. Amma sən Allah ehtiyatlı ol, səhifələr qarışıq düşməsin (vərəqləri ona uzatdım).
Kamal. Qorxma, bir-bir baxacam.
(Hərdən Kamala ailə sayı, hazırda yaşadığı evin ünvanı, sahəsi haqqında suallar verirdim. O da suallarımı əlüstü qısaca cavablandırırdı. Ərizəni yazdım, əlyazısında özünə oxudum. Bəyəndi. O vaxtı kompyuterim yox idi. Makinada ərizənin üzünü köçürdüm, üç nüsxə çıxarıb verdim Kamala. Ayağa qalxdı).
Kamal. Müəllim, təşəkkürlər. Əlin yüngül olsa bir qonaqlıq məndə.
(Fikirləşdim ki, fürsətdən istifadə edim. Neçə ildən bəri yazmaq istədiyim onunla sənət dialoquna bu gün başlayım).
İlham. Kamal, bəlkə bu gün məşqdən sonra gələsən bura.
Kamal. (güldü) Tədbir var?
İlham. Yox... Tədbiri söhbətdən sonra eləyərik. Deyirəm məqamdı, bəlkə çoxdan sənə dediyim söhbəti yavaş-yavaş başlayaq?
Kamal. Nə söhbət?.. Həəəə... Sənət barədə.
İlham. Bəli, sənət barədə.
Kamal. Deyəsən, işin-peşən qurtarıb ey sənin? Neynirsən söhbəti?
İlham. Çap elətdirmək istəyirəm. Qoy tarixdə ikimizdən də nəsə qalsın.
Kamal. Yox əşi... Qəzetçilərin gic-gic sualları yığıb məni boğaza. Yəqin sən də soruşacaqsan ki, aktyor sənəti xoşuna gəlirmi? Mən də cavab verəcəm ki, əvvəl gəlirdi, indi yox.
Soruşacaqsan ki, niyə? Cavab verəcəm ki, bu gün nə teatra, nə də aktyora hörmət qalmayıb, ona görə xoşum gəlmir.
Soruşacaqsan ki, bir də doğulsaydın aktyor olardınmı? Cavab verəcəm ki, yox, tamojnı, yəni bizim dildə desəm, gömrükçü olmaq istəyərdim. Orda yaxşı qazanc var.
Soruşacaqsan ki, ən böyük arzun nədir? Cavab verəcəm ki, rahat evim olsun, heç olmasa 60 yaşından sonra mən də adam kimi yaşayım.
Soruşacaqsan ki, səhnənin sehri nədədir? Cavab verəcəm ki, səhnənin sehri yoxdur ey, bura kley dəryasıdır. Ora düşən yapışıb qalır, nə qədər çalışsa da qopub çıxa bilmir?
Soruşacaqsan ki, səni kinoya niyə çəkmirlər? Cavab verəcəm ki, «Azərbaycanfilm» reanimasiyada ölüm ayağındadır. Mən hardan yada düşüm.
Soruşacaqsan ki, teatrın bugünkü repertuarı səni qane edirmi? Cavab verəcəm ki, tamaşaların çoxu nə «akademik», nə də «milli» sözünə uyğun gəlmir.
Soruşacaqsan ki, müasir pyeslərdə oynamaq xoşuna gəlir? Cavab verəcəm ki, «yox», oxuduqlarımın çoxu dram əsəri deyil.
Soruşacaqsan ki, bəs vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır? Cavab verəcəm ki, kaş Cəfər Cabbarlı on illiyə dirilib gələydi, ilə bir-iki pyes yazıb yenə gedəydi öz cənnətinə...
(Diqqətlə üzümə baxıb güldü).
- Müəllim, davamı qalsın sonraya... Sağ ol, mən getdim...
(Gəldiyi iti addımlarla da otaqdan çıxdı).
* * *
2000-ci il iyun ayının 20-si idi. Bərk bürkü vardı. Həsən Turabovun kabinetində Süleyman Sani Axundovun məşqləri gedən «Eşq və intiqam» faciəsi haqqında danışırdıq. Mənim fikrim qəti idi ki, əsəri Lütfi Məmmədbəyovun belə arxaik, bir qədər də primitiv səhnə yozumunda tamaşaçılara göstərmək biabırçılıqdır. Həsən də deyirdi ki, «bilirəm, amma neynəyim, Lütfi dönə-dönə xahiş edib... Yaşlı adamdı, nəsə bir iş görmək istəyir...»
Turabov bu fikrimnən razılaşdı ki, tamaşanın premyerasını bu vəziyyətdə oynamayıb saxlayaq. Payızda əsərin üzərində bir az da məşq edilsin, sonrasına baxarıq.
Bu əsnada teatrın kadrlar şöbəsinin müdiri Yaqut xanım qucağında bir qalaq qovluq içəri keçdi. Bizə baxıb qapının ağzında dayandı.
Həsən. Yaqut xanım gəl... keç burda əyləş (mənimlə üzbəüz boş yeri göstərdi).
(Mən durub kabinetin ayaq tərəfindəki divanda əyləşdim. Elə bu məqamda qapı açıldı və Kamal Xudaverdiyev içəri daxil oldu).
Kamal. (ucadan gur səslə) Sabahın xeyir, Həsənağa.
Həsən. Sabahın xeyir, Kamal... salam. Otur İlhamnan söhbət elə, beş dəqiqəyə qurtarıram.
Kamal. (yanımda oturdu) Necəsən, müəllim?
İlham. Sağ ol. Buna da şükür.
Kamal. (başıyla Həsəngili göstərdi) Xeyir ola? Yəqin yenə fəxri adlara siyahı tuturlar...
İlham. Bilmirəm, Yaqut xanım sənin qabağınca gəlib.
Kamal. (üzünə təbəssüm qondu) Sən bilmirsən, amma mən bilirəm...
İlham. «Cəzasız günah» tamaşasına baxdım...
Kamal. Baxmalısan də. Sənin, yəni siz «şünasların» işidir də baxmaq (şünaslar sözünü kinayəli vurğu ilə dedi).
İlham. Sözümü kəsmə, deyirəm yəni baxmışam, amma xoşuma gəlməyib, tamaşa zəif alınıb. Elə bir gözə dəyən aktyor ifası da yoxdur.
Kamal. Zəif alınar da. Müəlliflərə demək olmur ki, pyesin zəifdir, o saat inciyib-küsürlər. Xəlvətcə rejissora deyirlər ki, filan aktyoru roldan çıxart.
İlham. Səbəb nə qoyurlar, ya nəyi bəhanə gətirirlər?
Kamal. Filan aktyor mənim təsvir elədiyim obrazın xarakterinə uyğun deyil... Obrazı dərindən duya bilmir... Vəssalam. Bunnan da hansısa aktyor qalır işsiz. Yəni, konkret bu tamaşadan söhbət gedir.
İlham. Zəif rolu oynamaqdansa oynamamaq daha yaxşı deyil?
Kamal. Əlbəttə, yaxşıdır... Amma birindən imtina eləyirsən, ikisindən, üçündən... bir də görürsən, neçə müddətdir təzə rol üzünə həsrət qalmısan. Ya da rejissorlar sənnən işləmək istəmirlər ki, filankəs iddialıdır, hikkəlidir, mübahisə xoşlayandı... Daha nə bilim nələr...
Heç kim ağrımaz başına dəsmal bağlamaq istəmir.
İlham. Bəs onda «Cəzasız günah»da niyə oynadın?
Kamal. Ay qardaş, bəs neynəyim? Mən aktyoram, səhnədə olmaq, təzə rol oynamaq, işləmək istəyirəm axı... Belə zəif rollar oynamaq istəmədiyim üçün hələ neçə il əvvəl Azər Paşaya dedim ki, Elçinin «Ah, Paris... Paris!..» əsərində sözsüz süpürgəçi rolunu mənə versin. Sözüm olmasa da, heç olmasa səhnədəyəm ki...
İlham. Həmin rolu rejissor assistenti Nəcəf Həsənzadə də oynayırdı.
Kamal. Nə olsun, burda qəribə nə var? Bəyəm sən bilmirsən ki, Nəcəf tamaşalarda bizim aktyorların bəzilərindən daha yaxşı oynayır?! Kişinin oğlu əsl epizod, tipik xarakterlər aktyorudur...
Amma İlham, öz aramızdı dinməzcə oturub altdan-altdan tamaşaçıları süzmək özü də bir teatrdır. Yadındadı də mənim mizanım? Səhnə güzgüsünün sütununa söykənib dinməzcə ətrafdakı hadisələri seyr edirdim.
İlham. Əlbəttə yadımdır. Oturmurdun, çömbəltmə dururdun, əlində də uzun saplı küçə süpürgəsi.
Kamal. Həəə. Ayrı şey demək istəyirəm. Biri tamaşaya baxmağa gəlib, biri bəzək-düzəyini göstərməyə, biri elə-belə vaxt keçirməyə, biri yanındakılarla mırt vurmağa... Aləmdi... Bunları görəndə aktyorlara, başda da özümə, yazığım gəlir.
İlham. Niyə?
Kamal. Day «niyəsi» yoxdur ki... günlərnən, həftələrnən, aylarnan məşq elə, əziyyət çək, tər töküb tamaşa hazırla... Amma gəlib baxanların saat yarım, iki saat səbri çatmır ki, rahat oturub diqqətnən tamaşaya baxsınlar.
İlham. Elə tamaşalar hazırlayın ki, maraqnan baxsınlar.
Kamal. Bəyəm «Paris», «Kral Lir» pis tamaşalardır?
İlham. Yox, ikisi də yaxşı tamaşadır.
Kamal. Bəs onda nə deyirsən?
İlham. Hamı elə deyil. Tamaşaçı var ki, əsəri səndən-məndən yaxşı təhlil eləyir.
Kamal. O da olsun beş faiz. Əşi, sən tamaşaların finalında zala baxmırsan? Heç aktyorlara səhnənin önünə gəlib baş əyməyə macal vermirlər. Hərdən finalda sözlər eşidilməz olur. Basa-basnan, tələm-tələsik hamı qarderoba qaçır.
İlham. Bu da bizim tamaşaçıların bəlasıdır. Gec-tez düzələcək.
Kamal. Aktyorlar səhnədə bir az «xaltura» eləyəndə tamaşaçılar dodaq büzürlər. Küçədə rastlaşanda incik-incik bizə irad tuturlar. Bəs elə bilirsən, onların saymazyana hərəkətləri bizə pis təsir eləmir?
Elə eləyir... elə eləyir...