Və ya uşaq düşüncəli böyüklərin teatr sovqatı

Əslində bu elə də asan deyil. Çünki uşaqlar böyüklərin hər halını - mimikasını, jestini, təbəssümünü, yalan-yapma böyüklüyünü çox tez duyurlar. Həm böyüklərdən, həm də onların “böyüklüyündən” küsürlər.

Bu hal sənət-səhnə anlamında daha təsirli olur. Səhnədə nümayiş olunanlar onları “tutmursa”, cəlb etmirsə, bunu dərhal büruzə verir, oynanılan “falş”dan qopmağa, qaçmağa can atırlar. Valideynlərin məcburi “otur”, “az qalıb”, “bax indi maraqlı olacaq” vədlərinə də inanmırlar.
Amma bu dəfə, uşaqları nəzərə alan qonaq teatrın sənət nümayişində başqa hal yaşandı. Səbirsiz uşaqlar nümayiş sonrası zalı tərk etmək əvəzinə tələsik səhnəyə qaçır, personajların nağıl-həqiqətinə inanaraq qəhrəmanlara sarılırdılar.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyevin Sarayında nümayiş etdirilən səhnə əsərinin qəhrəmanı hamının tanıdığı, bütün uşaqların və bir zamanlar uşaq olmuş böyüklərin sevimlisi Buratino idi. Klassik teatr ənənələrini ən yüksək səviyyədə təbliğ edən, onu tam müasir biçimli əlavələrlə rəngarəng etməyi bacaran kollektivin - Aleksey Rıbnikov teatrının təqdimatında.
Teatr məşhur nağıla tamamilə fərqli aspektdən yanaşaraq onu günümüzün uşaqlarına tam anlaşıqlı, əyləncəli və əhatəli təqdim edə bildi.
Tamaşanın əsas özəlliyi A.Rıbnikovun qeyri-adi, özünəməxsus musiqisidir. Səhnə, dekor, işıq effektləri canlı musiqi, əvvəldən axıradək səhnəni tərk etməyən musiqiçilərin ifaları tam başqa təəssürat yaratdı. Aydın oldu ki, uşağı hər hansı rəngarəng elementlər, qeyri-adi qrim, maska, nə bilim uşaq “aldatmaları” ilə ovutmaqdansa gözoxşayan geyim, fərqli xoreoqrafiya, bir-birini sürətlə əvəzləyən rəqs və onlara uyğun uğurlu oyunla daha çox cəlb etmək olar. Məhz bu çalarlar Buratinonun məzəli əhvalatlarına yeni bir ovqat bəxş etdi.
Balaqan estetikasına, del-arte ənənələrinə söykənən tamaşada yaradıcı heyət az qala hamının əzbər bildiyi ənənəvi süjetə fərqli baxış bucağından yanaşaraq, uşaqlar, eləcə də böyüklər üçün maraqlı olan bir müzikl təqdim etdi. Rusiya teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan “Buratino” ailəvi müzikli Azərbaycan tamaşaçıları üçün də əsl bayrama çevrildi.
Ağıllı və dəcəl Buratinonun, tülkü Alisanın, pişik Bazilionun məzəli və gülünc macəraları haqqında tarixi sevən uşaqlar və elə böyüklər sovetlər dönəmindən tanış məşhur "Buratino"nun doğma, yatımlı melodiyalarına alqışlarıyla sevərək ritm tutdular.
Tamaşanın musiqisi Aleksey Rıbnikova, sözləri Yuri Entinə məxsusdur. Müziklin quruluşçu rejissoru Aleksandr Rıxlov, xoreoqrafı Janna Şmakova, libretto müəllifi Sofya Troitskayadır. Mükəmməl musiqini tamamlayan quruluş, xoreoqrafiya və peşəkar aktyor oyunu yaddaşlarda iz salan Buratino və onun dostlarını canlı səhnədən daha sevilən etdi.
Tamaşada Arina Kirsanova, Svetlana Skurixina (Buratino), İqor Kirilyuk, Sergey Çurbakov (Kot Bazilio), Svetlana Nikolaeva, Yekaterina Kulçitskaya (Lisa Alisa), Leonid Sivets (Karabas), Natalya Krestyanskix, Svetlana Skurixina (Malvina), Yeqor Nikolayev, İvan Aqafanov (Pyero), Dmitri Boqdanov, Yaroslav Dyakov, Konstantin Pankratov (Arlekin/Artemov), Svetlana Milovanova (Tortila), Vladimir Mironov, İqor Kirilyuk, Dmitri Boqdanov (Duremar), Leonid Siveç (Papa Karlo) və başqalarının çıxışları uşaqları tam başqa bir aləmə apardı.
Xronometrajı 90 dəqiqə olan müzikl gərgin hadisələr xətti, orijinal yozumu, maraqlı aktyor ifası və ən əsası, hadisələrin daxili məntiqi ilə səsləşən əsrarəngiz musiqisi ilə tamaşaçını darıxmağa qoymadı və sonda uşaqları səhnəyə, personajların qucağına səslədi.

Həmidə