Teatrda musiqidən danışarkən mütləq peşəkarlıq, yüksək zövq, axıcılıq ön plana çıxır

Səhnə həyatı qazanan tamaşa haqqında danışarkən daha çox onun dramaturji materialı, rejissor yozumu, aktyor oyunu, rəssam işi barədə qeydlər xüsusi vurğulanır. Bu elementlərlə üzvü surətdə bağlı olan və mühüm faktor sayılan musiqi isə bəzən arxa plana keçir.

Əgər tamaşada müstəqil bəstəkar işi yoxdursa, yazılan resenziyalarda bu məqam üzərindən, ümumiyyətlə, sakit keçilir. Amma unutmaq olmaz ki, tamaşanın uğurunda, təsir gücünün artırılmasında, tamaşaçı ilə əlaqəsinin möhkəmlənməsində musiqi müstəsna rola malikdir.
Təbii ki, burada söhbət gözəl, axıcı, peşəkar və ən əsası tamaşanın ruhunu duyub ifadə edə bilən bəstəkar işindən gedir. Əksinə, səhnə nümunəsinə yad, dramaturji fakta toxunmayan musiqi rejissor işinə də, möhtəşəm aktyor oyununa da kölgə sala bilər. Ona görə də teatrda musiqidən danışarkən mütləq peşəkarlıq, yüksək zövq, axıcılıq ön plana çıxır. Elə bir məqamda musiqi səslənə bilər ki, seyrçilərin diqqətini bütünlükdə tamaşaya kökləsin. Yaxud da görürsən tamaşanın təsir gücünü artırmaq məqamıdır, aktyorun sözü xüsusi deyilir və ya hadisənin təsirli gedişatıdır ki, amma musiqi səslənmir, ya da dəxli olmayan bir parça eşidilir.
Teatr tariximizə nəzər salsaq görərik ki, yaranan bir çox səhnə nümunələri məhz gözəl musiqisinə görə yaddaşlarda dərin iz salıb. Bu sırada Tofiq Quliyev, Arif Məlikov, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Fərəc Qarayev və başqa bəstəkarların teatr musiqilərini qeyd edə bilərik. Təsadüfi deyil ki, həmin tamaşalara yazılan musiqilər, ifa olunan mahnılar zamanında populyarlıq qazanaraq səhnə əsərinin də məşhurlaşmasına səbəb olmuşdu. Dillər əzbəri olan bu nümunələr bu gün musiqi xəzinəmizdə populyarlığını hələ də qorumaqdadır.
Lakin indiki dövr tamaşalarımıza nəzər yetirsək görərik ki, burada daha çox yığma, həm də əsas etibarilə xarici musiqilər yer tutur. Milli musiqi nümunələrinə və estrada-pop janrlı mahnılarımıza isə az yer verilir.
Musiqi seçimində və onun uğurlu həllində rejissorun musiqi duyumu, bəstəkarla işi, bir də aktyorun həmin musiqiyə uyğun verilmiş düzgün plastikası, rəqsi olduqca vacib detallardır. Tamaşada səslənən istər şən, istərsə də həzin melodiyalar tamaşanın harmoniyası ilə üst-üstə düşməli, oyunun ritminə xələl gətirməməlidir.
Bir məqamı da qeyd edək ki, hazırda respublika teatrlarında hazırlanan yeni tamaşaların musiqi həlli daha çox tərtibatla yekunlaşır. Bunun da iki əsas səbəbi var. Birincisi maliyyə ilə bağlıdırsa, ikinci vacib məqam peşəkar bəstəkar işindən asılıdır. Təsadüfi deyil ki, irihəcmli musiqilər yazan hər bəstəkar tamaşaya musiqi yaza bilmir. Çünki burada rejissorla bəstəkarın birgə işi çox vacibdir. Belə olduqda sual ortaya çıxır: rejissorların musiqi təhsili və duyumu qənaətbəxşdirmi? Bax, bu məqam baxdığımız bir çox səhnə əsərlərinin musiqi həllində problem olaraq üzə çıxmaqdadır.
Diqqət etsək bu qisim tamaşalarımızda musiqilər gah gurultuludur, gah düzgün seçilmir, gah da tamaşaya uyuşmur. Əksər hallarda da, sadəcə, musiqi lazımi yerdə verilmir. Təbii ki, bunun da əsasında rejissura durur. Əgər bəstəkar varsa, musiqi varsa, rejissor bunu lazımınca dəyərləndirə bilmirsə, o zaman nə olacaq bu tamaşada? Elə əsas problemlərdən biri də budur. Tamaşanın canı rejissordur, bütün məsuliyyət onun üzərindədir. Aktyorlara mizanı verən, bəstəkarla, rəssamla işləyən odur. Ona görə də rejissorlarımızın musiqi savadı nə qədər güclü olarsa, o zaman tamaşalarımızda musiqi problemi bir o qədər az olar.
Məsələ ilə bağlı statistikaya nəzər saldıqda isə daha maraqlı mənzərə ilə rastlaşırıq. Məsələn, təkcə ötən teatr mövsümündə Azərbaycan teatrlarında ümumilikdə 100-dək tamaşa hazırlanıb. Amma onların hamısına xüsusi musiqi bəstələnməyib. Rejissorlar bəzən orijinal musiqi sifariş etməyə, sadəcə, ehtiyac görmürlər. Çünki hazır musiqiləri yığmaq daha asandır. Yəni təkcə maliyyə çatışmazlığı ucbatından tamaşalara musiqi yazılmadığını demək düzgün deyil. Burada duyum, zövq və peşəkarlıq ən əsas element olaraq qalmaqdadır.

Həmidə