Şəkidə keçirilən beynəlxalq teatr festivalının zəngin proqramı var
Xəbər verdiyimiz kimi, sentyabrın 10-dan 19-dək Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizin 12 teatrı, Rusiya (Kalmıkiya) və Qazaxıstan teatrları iştirak edəcək.
Tədbirin zəngin proqramı var. Teatrların sənət bayramında təqdim edəcəyi tamaşalar da rəngarəngliyi ilə seçilir.
Festivalın ilk günü ev sahibi - Şəki Dövlət Dram Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış «Sevgililərin cəhənnəmdə vüsalı» tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı Aslan Mustafazadədir. Tamaşada əsas rolları əməkdar artistlər İqrar Salamov, Əbülfət Salahov, aktyorlar Xanlar Həşimzadə, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa edirlər.
Sentyabrın 11-də isə tamaşaçılar Kalmıkiya Milli Dram Teatrının tamaşasını izləmək imkanı qazanacaqlar. Kalmıkiyanın Əməkdar artisti Boris Manciyevin quruluşunda hazırlanan «Mən aktrisayam» tamaşası maraqlı mövzusu ilə seçilir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da maraqlı quruluşlarından biri ilə sentyabrın 12-də tamaşaçılarla görüşəcək. İsveç dramaturqu Lars Norenin “Mən gəldim, qızlar” pyesi əsasında hazırlanan “Müharibə” adlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Nigar Məmmədova, Roza İbadova oynayırlar. Hər üç tamaşa Şəki Dövlət Dram Teatrında saat 18.00-da nümayiş olunacaq.
Festivalın dördüncü günü (13 sentyabr) tamaşaçılar iki nümunəyə baxa biləcəklər. Bunlardan biri Azərbaycan Dövlət Kukla Teatrının «Çanta trio» tamaşasıdır. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda hazırlanan səhnə əsəri Şəkidəki amfiteatrda (Yay teatrı) təqdim ediləcək (saat 12.00). Ayrı-ayrı kukla teatrı üslubları ilə zəngin olan tamaşa maraqlı ideya və rəngarəng ifadə üsuluna malikdir.
Gəncə Dövlət Dram Teatrının N.V.Qoqolun əsəri əsasında hazırladığı "Evlənmə" tamaşası isə Şəki Dram Teatrında (18.00) göstəriləcək. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Səhnə əsərində rolları Xalq artisti Alim Məmmədov, Əməkdar artist İlham Hüseynov, aktyorlar Zəminə Cəfərova, Elxan Abbasov, Şəlalə Rüstəmova, Novruz Cəfərov, Rauf Hüseynov və başqaları ifa edirlər.
Sentyabrın 14-də ilk nümayişi Şuşa Dövlət Musiqili Dram Teatrı edəcək. Yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan «Varlı qadın» tamaşası Şəkidəki amfiteatrda (12.00) oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Əsas rollarda Püstəxanım Zeynalova, Teymur Məmmədov, Məmməd Məmmədov, Rasəf Mehdiyev və başqaları səhnəyə çıxacaqlar.
Festivalın daha bir qonaq teatrı - Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı isə tamaşa sovqatını Şəki teatrında (18.00) təqdim edəcək. Qazax dramaturqu İran-Qayıpın eyniadlı pyesi əsasında hazırlanan «Estay-Korlan» tamaşasının quruluşçu rejissoru Murat Axmanovdur.
Lənkəran Dövlət Dram Teatrı isə E. de Filipponun “Ruhlar” əsəri əsasında hazırlanan yeni tamaşanı nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Telman Qəniyevdir. Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Arzu Abbaszadə və başqalarının iştirak etdiyi tamaşa sentyabrın 15-də (18.00) Şəki teatrında oynanılacaq.
Azərbaycan Dövlət Pantomima Teatrı repertuarlarının məşhur nümunəsi - «Pantomim buketi» ilə çıxışa hazırlaşır. Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi səhnə əsəri sentyabrın 16-da (12.00) amfiteatrda oynanılacaq. Tamaşada əsas rolları əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, aktyorlardan Elnur İsmayılov, Ceyhun Dadaşov, Bəhruz Əhmədli, Əli Əlizadə, Əflatun Abdullayev və digərləri ifa edirlər.
Həmin gün Mingəçevir Dövlət Dram Teatrı (saat 18.00, Şəki Dram Teatrı) dahi Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyası ilə tamaşaçıların görüşünə gələcək. Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi operettada əsas rolları Hüseyn Mustafayev, Fəridə Məmmədova, Asim Məmmədov, Ruhəngiz Allahverdiyeva və digər gənc aktyorlar ifa edirlər.
Qax Dövlət Kukla Teatrı sentyabrın 17-də Əhməd Orucoğlunun «Zınqırovlu pişik» tamaşasını (amfiteatr, 12.00) göstərəcək. Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şərif, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, əməkdar artistlər Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova və başqaları çıxış edirlər.
Azərbaycan Dövlət Rus Dram Teatrı da Şəkiyə M.F.Axundzadənin əsəri ilə yollanacaq. Teatr sentyabrın 18-də mütəfəkkir dramaturqun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərini sənətsevərlərə təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya üzrə rəssamı Xalq rəssamı Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur (Sankt-Peterburq). Səhnə əsərində rolları Xalq artisti Məbud Məhərrəmov, əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə, aktyorlardan Əskər Rəhimov, Murad Məmmədov, Həcər Ağayeva, İnna İmranova, Salman Bayramov, Milana Mərdaxanova, Mariya Dubovskaya, Fəridə Nesterenko, Yeganə Hüseynli, Olqa Arsentyeva, Maya Vorobjanskaya, Yuriy Omelçenko, Zaur Terequlov, Ramil Əliyev və digərləri ifa edirlər.
Festivalın son günü - sentyabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrı səhnəyə çıxacaq. Kollektiv Ə.Haqverdiyevin «Kimdir müqəssir?» tamaşasını nümayiş etdirəcək. Səhnə əsərinin quruluşçusu gənc rejissor İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqalarının rol aldığı tamaşa Şəki teatrında (18.00) nümayiş olunacaq.
Həmidə