Qax Dövlət Kukla Teatrı oktyabrın 1-dən 8-dək Rusiyanın Həştərxan şəhərində keçirilən IV “Xəzər sahili” (“Kaspiyski bereq”) beynəlxalq kukla teatrı festivalında iştirak edib.

Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda tamaşalara peşəkar jüri ilə yanaşı, uşaqlardan ibarət beş nəfərlik rəmzi münsiflər heyəti də qiymət verib. Sankt-Peterburq Teatr İncəsənəti Akademiyasının kukla teatrı fakültəsinin dekanı, professor Nikolay Naumov (sədr), Obrazsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının quruluşçu rejissoru Yekatrina Obrazsova və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdan ibarət peşəkar münsiflər heyəti ən yaxşı tamaşaları seçərək müxtəlif nominasiyalar üzrə qiymətləndiriblər.
Festivalda “Turp” rus xalq nağılı əsasında hazırlanmış eyniadlı pantomim-tamaşa ilə çıxış edən Qax Dövlət Kukla Teatrı da uğura imza atıb. Quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədov olan tamaşa “ən yaxşı rejissor işi” mükafatı ilə təltif olunub. Teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqublu, Zaur Paşayev və başqalarının ifa etdiyi tamaşa səhnə texnikası və tərtibatı ilə digər nümunələrdən seçilib.
Festival barədə təəssüratlarını bizimlə bölüşən teatrın direktoru Nazim Mahmudov bu tədbirin əvvəllər iştirak etdikləri festivallardan seçildiyini dedi: “Festivalda yüksək səviyyəli münsiflər heyətinin olması məsuliyyətimizi artırırdı. Bu baxımdan festivalın əsas mükafatını - “Ən yaxşı rejissor” adını qazanmaq xüsusilə sevindiricidir. Həştərxan vilayəti mədəniyyət naziri İ.Tarasova Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə göndərdiyi məktubda bizim uğurlu çıxışımızı xüsusi qeyd edib”.
Teatrların belə festivallarda iştirakının yaradıcı işin daha yaxşı təşkilinə, yeni əlaqələrin qurulması, müasir teatr texnologiyalarının mənimsənilməsində müstəsna əhəmiyyətə malik olduğunu deyən direktor tədbirdə iştiraka görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi.
Həmsöhbətim Həştərxanda artıq dördüncü dəfə keçirilən festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Hər teatr bir tamaşanı iki dəfə oynayırdı. Onlardan biri tamaşaçılar, digəri isə sırf münsiflər və iştirakçılar üçün olurdu. Hər iki tamaşamız uğurla keçdi. Axşam müzakirədə münsiflərin bizim tamaşa haqqında dedikləri xoş sözlər bizi çox sevindirdi. İştirakçılar tamaşadan sonra oradakı kuklalarla yaxından tanış olur, onların hazırlanma üsulunu, materialını öz aralarında müzakirə edirdilər. İstər müzakirələr, istərsə də səslənən rəylər göstərdi ki, Azərbaycanın kukla teatrı ənənəsi zəngin olduğu qədər həm də çox peşəkar səviyyədədir”.
Teatrın baş rejissoru, tamaşaya quruluş vermiş Yusif Abdurahmanov da festivalla bağlı fikirlərini bildirdi: “Bu tədbirdə ölkəmizi məhz bizim teatrın təmsil etməsi həm şərəfli, həm də olduqca məsuliyyətli idi. Festival olduqca maraqlı keçdi. Beş ölkədən ümumilikdə 9 teatr müxtəlif texnikalarla hazırlanmış işləri ilə tamaşaçıları təəccübləndirməyə çalışdılar. Öz növbəmizdə biz də tamaşamızı uğurla nümayiş etdirdik və nəticə ürəkaçan oldu. Sonda jürinin rəhbəri ən böyük nominasiya - “Ən yaxşı rejissor” üçün mənim adımı çəkdikdə sevinc və həyəcanımın hüdudu yox idi. Bu bütün kollektivin uğuru idi”.

Həmidə