Və ya teatrı ilahi hikmətdə sevən və sevdirən

O, bizi - yəni ustad deyə xitab edib, sənət və şəxsiyyətinə pərəstiş edən çoxsaylı bizləri görür və duyur. Bu bir təsəlli ehtimalı olsa da. Amma heç də alqışlamır. Zaman və məkan məngənəsində bizlərin ona alqış gecikməsindəki təzada görə. Ya da əksinə, ölümündən sonra şəninə yağdırılan təriflərə özünəməxsus bir biçimdə çəpik çalır.

Hər halda, teatra vaqif olan o Vaqif, bu günün söz axarında onu vəsf edən bu gecikmiş “vaqiflərə” nə sağlığında, nə də əbədiyyət məqamındakı mərtəbəsindən yuxarıdan aşağı baxmır. Çünki teatrın, sənətin ustalaşmış ustadı idi. Demək, haqqında danışmaq üçün adamın ürəyində az-maz təpər, bir də onun səbir və böyük məhəbbətlə qurub-yaratdığı və hələ bundan uzaq gələcəklərə miras qoyduğu sənət, teatr (mən deyərdim, həm də həyat) poetikasının heç olmasa kandarında dayanmaq gərək. Çünki teatrını, məbədini, Allahla ünsiyyət hücrəsini çox sevirdi və onu sevməyənləri, daha doğrusu, anlamaqda çətinlik çəkənləri sevgi və anlayışı ilə “cəzalandırırdı”. Bax elə o səbəbdən də gəlib sağlığında ikən ölməz, cavan ikən pirani, hələ səhnədə növcavan ikən ustad oldu

Vaqif İbrahimoğlu

Şübhəsiz ki, bu gün və elə sabah da onun adı Azərbaycan teatrında bir novator sənətkar kimi çəkiləcək. Çünki özü də, sənəti və tələbələri də başqalarından fərqli idi. Teatra cəsarətlə gətirdiyi yenilikləri hamı eyni cür qəbul etməsə də, onun qeyri-adiliyi ilə barışırdılar.
Özünün yaradaraq “Yuğ” adını verdiyi və izahını “yuğlama”, mərasim kimi izah etdiyi teatrı, sənət fəlsəfəsi ilə mədəniyyətimizdə yeni bir cığır açdı. İstedadlı tələbələrini da başına toplayaraq gələcəyin sənət-şahmat xanasında hərəsini öz yerində qərarlaşdırdı, məqsədlərini icra edə bildi. Sənət yolunda mayak olduğu davamçılarına öz içində yaradıb boğmadığı, bütün əngəllərə rəğmən can-qan verib böyük anlamda milli teatr üçün gələcəyin yolunu müəyyən edən bir övlad - “Yuğ” yadigar qoydu. Onu istedadlı, sənət eşqli və teatr sevdalısı aşiqlərlə bəzədi.

Yaranış

Onun yaşam yolu 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan kəndində başladı. Vaqif uşaqlıq illərini şeir, sənət məkanında keçirmişdi. Dünyagörüşündə, həyata baxışında əmisinin yanında keçirdiyi günlərin dərin təsiri ilə rejissor mühitin gerçəklərini bütün rənglərilə görə-görə, təbiətin sirlərini çözə-çözə bişmişdi keçdiyi yollarda. Xalq düşüncəsinə, xalq musiqisinə, xalq sənətinə oradan vaqif olmuşdu. Ona görə də əvvəldən yönünü incəsənətə doğru tutmuşdu. Bu niyyətlə də Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdi. Üç il Gənc Tamaşaçılar Teatrında aktyorluq etmiş, 1976-cı ildən peşəkar rejissorluğa başlamışdı. Onun sənət yolu maraqlı və rəngarəng hadisələrlə doludur. Xronologiya ilə baxsaq, qarşımıza belə qısa bir tarixçə çıxar: 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala teatrında tamaşalar hazırlayıb. 1984-cü ildə Türkiyədə “Arşın mal alan”ı səhnələşdirən rejissor sonralar “Yuğ”la ilk qastrol səfərini də bu ölkəyə edib.

Yenilənmə

Teatr adı, fəaliyyəti, sənət üçün ərməğanları ilə öz adını tam ehtiva edə bildi. «Ruhun hikmətləri» anlamına gələn «Psixosof» poetikasının adı da bu teatrın tamaşalarını və ümumilikdə bütün yaradıcılığını daha dərindən anlamaq üçün açar rolunu oynadı. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, yaradıcılığında ruhi əlaqə və ruhi hala böyük önəm verirdi. O, insanın ruh halının yaradıcılığının mərkəzində dayandığını sadə, həm də bir çoxlarına görə mürəkkəb dillə izah etdi. Məhz bu fakt “Yuğ”un təqdim etdiyi tamaşaların dəyərləndirmə meyarlarını da köklü surətdə dəyişdi.
Ümumiyyətlə, Vaqif İbrahimoğlu rejissurasının, poetikasının məğzini anlamaq üçün mütləq onun teatr, sənət haqqında düşüncələri ilə tanış olmaq gərəkdir. Sənətkarın öz fəlsəfəsi, poetikası haqqında düşüncəsi, tam olmasa da, müəyyən izahlarında belə idi: «Mənim üçün ən başlıca olanı haldır! Nə ritmdir, nə musiqidir, nə ideyadır, əsas sehrli haldır! Yəni, əstəğfürullah, məscidə gəliriksə, biz ora xüsusi əhval-ruhiyyə, daxili istək-arzu ilə, psixoloji hadisələrdən doğrulmuş saf inamla daxil olmuruqsa, ora getməyin heç bir əhəmiyyəti yoxdur».
Beləcə, Vaqif İbrahimoğlu teatrı insanın iç dünyası ilə dialoqda, təmasda olduğu bir yer kimi qiymətləndirirdi. Rejissor üçün həmin məqam müqəddəsdir, əzizdir, başlıcadır. İnsan ruhunun yaşamını, ruhi halını teatr sənətinin qayəsi kimi qavrayan sənətkar bu halın yaranmasında xüsusi çəkisi olan, sözə, musiqiyə əhval-ruhiyyə aşılayaraq onu təbii və emosional edən ritmi əsas sayırdı. Və elə bu ritmə uyan sənətçi və sənətdaşları “Yuğ” hücrəsinə toplayırdı.

Arınma

Bu təsadüfi söz deyil. Çünki o, yaratdığı, ideyalarla böyütdüyü teatrla - fəaliyyətinin böyük və unudulmaz bir hissəsinin bağlı olduğu “Yuğ”la sənətdə, səhnədə arınmanın, mənən saflaşmanın, ucalıb əbədiləşmənin, lap elə sadə dildə, sənətdən həzzin sirrini aça bildi. 1989-cu ildən, yəni teatrın fəaliyyətə başladığı gündən həm onun fəhləsi, həm də yaradıcı sahibi - bədii rəhbəri olmağı bacaran ustadın zəhməti hədər getmədi. 1992-ci ildə teatr dövlət statusu aldı. Rejissor sənət qələbələrini, hər biri sənət hadisəsi olan tamaşalarının sayını bu teatrda 90-a yetirdi.
Oktyabrın 18-də doğulan, teatrının yaranışını da bu gündə elan edən və iki yaranışı Azərbaycanın müstəqillik gününə təsadüf etməsi səbəbilə xüsusi sevən rejissorun “Yuğ”unu onun ən dəyərli əsəri saymaq olar. Bu “əsər”lə o, öz teatrına bina verilən günə qədər, böyük teatrların kiçik köşələrinə sığına-sığına xariqələr yarada bildi. Füzulidən Frans Kafkaya qədər uzanan yaradıcılıq axtarışları ilə ətirli bir sənət çələngi yaratdı. Gurultu, qışqırtı, ala-bəzək səhnə-mizandan qaçıb aktyoru hürr göstərən, ona özü olmaq, tamaşaçı ilə arasındakı maneəni qırmaq cəsarəti verən bir teatr etalonu qoydu.

Gediş

Adətən dünyasını dəyişənlər haqqında “yaşasaydı...”yla başlayan cümlə qururlar. Bu deyimə əks getsək də, getməsək də, o, fiziki-mənəvi yoxluq-varlığının 65-ci məqamındadır. Aşıq Veysəlin bəhs etdiyi “uzun, incə bir yol” keçib gəldiyindən bu 65 bir az başqa görünür. Haqqa gedən yolun qəflətən bitə biləcəyini gözəl bildiyindən ölümsüzlük barədə düşünmədən ölümsüz sənət toxumları səpdiyinə görə təsəllimiz boldur. Deməli, yaşamı varlığı olmadan da davam edir.
Çünki aldığı bir sıra fəxri adları və o adlarının əsasında, lap əvvəlində duran Ustad ünvanı daim var olacaq. Səbəb isə varlığının bütün anlamlarda hopduğu tələbələrində, davamçılarında təcəlla etməsidir. Məhz elə buna görə də, cəsarətlə demək olar ki, Azərbaycanda sənət və sənətkarlıq olduqca onun adı da bu tarixdən silinməyəcək.

Həmidə Nizamiqızı