Arif Məlikovun dünya şöhrətli baletinin növbəti premyerası anşlaqla keçib
Oktyabrın 23-də Moskvada, Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası keçirilib.
Bəstəkarın böyük türk şairi Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Əsər ilk dəfə 1961-ci ildə məşhur xoreoqraf Yuri Qriqoroviç tərəfindən Sankt-Peterburq Mariinski Teatrında, 1965-ci il aprelin 15-də isə Böyük Teatrda tamaşaya qoyulub və müəyyən fasilələrlə 2009-cu ilədək teatrın repertuarında yer tutub.
Bu il balet əsaslı şəkildə bərpa olunaraq yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunur. SSRİ Xalq artisti Yuri Qriqoroviçin quruluşunda, SSRİ Xalq rəssamı Simon Virsaladzenin səhnə tərtibatında nümayiş etdirilən tamaşada orkestrə Rusiyanın Əməkdar artisti Pavel Sorokin dirijorluq edib. Baletdə tanınmış balet ulduzları - Məhinbanu rolunda Svetlana Zaxarova, Fərhad rolunda Denis Rodkin, Şirin rolunda Anna Nikulina çıxış edir.
Anşlaqla keçən tamaşanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycandan getmiş nümayəndə heyəti, Rusiyanın tanınmış mədəniyyət, incəsənət xadimləri, ölkə elitasının məşhur simaları izləyib.
Tamaşadan öncə jurnalistlərə müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Məhəbbət əfsanəsi”nin Böyük Teatrda növbəti premyerasını Azərbaycan mədəniyyətinin əlamətdar hadisəsi kimi qiymətləndirib: “Bu gün çox sevindirici bir hadisə baş verir. Böyük Teatrın səhnəsində Azərbaycan bəstəkarının baletinin səhnələşdirilməsi mədəniyyətimizin təntənələrindən biridir. Məlum olduğu kimi, balet daha öncə bu teatrda səhnəyə qoyulmuş və uzun illər böyük uğur qazanmışdı. Teatrın təmirindən sonra ilk bərpa olunan əsərlərdən birinin “Məhəbbət əfsanəsi” baleti olması mədəniyyətimiz üçün fərəhləndirici haldır. Mən ilk öncə hörmətli bəstəkarımız Arif Məlikovu təbrik etmək istərdim. Düşünürəm ki, Böyük Teatr bu bərpa prosesinə çox böyük yaradıcılıq mühiti ilə yanaşıb. Teatrın rəhbərliyi ilə görüşdə öyrəndim ki, bu prosesə teatrın ən güclü qüvvələri cəlb olunub, tamaşada Rusiya baletinin fəxrini təşkil edən ifaçılar iştirak edir. Hesab edirəm ki, bu gün Azərbaycan mədəniyyətinin çox əlamətdar bir günüdür və bu münasibətlə hamını təbrik edirəm”.
Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baleti 24, 25, 26 oktyabrda, həmçinin 6, 7 və 9 noyabrda Böyük Teatrın səhnəsində nümayiş olunacaq. 26 oktyabrdan isə balet ilk dəfə olaraq Böyük Teatrın yeni layihəsində - kino variantında canlı yayımda nümayiş olunacaq. Böyük Teatrın bu layihəsində yeddi məşhur tamaşa yer alıb və kino yayımına məhz “Məhəbbət əfsanəsi” ilə start verilir. “Pathe Live” şirkətinin təmin etdiyi yayım nəticəsində Böyük Teatrın tamaşaları bütün dünya üzrə mindən çox kinoteatrda nümayiş olunacaq.