5-6 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləri bir araya gətirəcək.

Xatırladaq ki, Bakıda ilk beynəlxalq teatr konfransı 6-7 noyabr 2010-cu il tarixdə, ikinci forum isə 5-6 noyabr 2012-ci il tarixdə keçirilib və beynəlxalq sənət dünyasında böyük maraq doğurub.
Dövlət Musiqili Teatrında gerçəkləşəcək budəfəki konfrans «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub.
Oktyabrın 23-də Dövlət Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı teatr-konsert müəssisələri rəhbərlərinin, tədbirə təhkim olunmuş şəxslərin iştirakı ilə görüş keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev III Bakı Beynəlxalq Teatr Konfransı barədə ətraflı söhbət açdı. Qeyd olundu ki, artıq ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək: “Miqyasına görə bu tədbir əvvəlki iki konfransdan genişdir. 47-dək ölkədən 125 nəfərə yaxın dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, keçmiş mədəniyyət nazirləri, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri bu tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər”.
Beynəlxalq konfransla yanaşı, noyabrın 4-də və 7-də treninqlərin də təşkil olunacağını deyən nazir müavini noyabrın 4-də keçiriləcək mətbuat konfransında tədbirin proqramı barədə geniş məlumatın veriləcəyini bildirdi. Qeyd olundu ki, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), İTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələrlə çıxış edəcəyi gözlənilir.
Nazir müavini qonaqların qarşılanması, yerləşdirilməsi, konfrans və əlavə tədbirlərlə bağlı bütün təşkilati məsələlərə dair təşkilat komitəsi və konfransın qərargahının üzərinə düşən əsas vəzifələri diqqətə çatdırdı, müvafiq göstərişlər verdi.
Qeyd edək ki, III Bakı Beynəlxalq Teatr Konfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələrdən nümayəndələrə qatılacaq. Dünya teatr sənətinin müasir problemləri elmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.
Tədbir çərçivəsində “Müasir teatrşünaslıq” (akademik Nelli Korniyenko, Ukrayna), “Rejissor və aktyor sənəti” (Paddi Kannin, Böyük Britaniya), “Səhnəqrafiya” (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Həmidə