Oktyabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Osman Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. Teatrın foyesində sənətkarın rol aldığı tamaşalardan fotolar, həyat və sənət ömürlüyünün foto yaddaşa köçən məqamları nümayiş olunub.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Osman Hacıbəyovun həyat və fəaliyyətindən, teatr tariximizə töhfələrindən geniş söhbət açıb: “İlk gənclik illərində Osman Hacıbəyovla görüşməyim, eyni tamaşada birgə iştirak etməyim məni çox sevindirir. Onun digər aktyorlardan fərqli olaraq gözəl müşahidə qabiliyyəti olub. Osman Hacıbəyova bu və ya digər rol həvalə olunanda o, maraqlı xarakterlər, tipajlar axtarıb tapmağı bacarırdı. Bəzən elə olurdu ki, küçədə bir maraqlı insan görəndə onu hər mənada izləyir, hərəkətlərini, yerişini-duruşunu müşahidə edir və həmin cizgiləri səhnədə yaratdığı obraza əlavə edirdi. Osman Hacıbəyov yaradıcılığının çiçəklənən dövründə - 55 yaşında dünyasını dəyişsə də, teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb”.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva, aktrisa Sona Babayeva və başqaları Osman Hacıbəyovun milli teatrımıza töhfələrindən, insani keyfiyyətlərindən bəhs ediblər. Onun sənətkar məziyyətlərini, rolun miqyasından asılı olmayaraq aktyor məsuliyyətini xüsusi vurğulayıb, obrazları və şəxsiyyəti ilə sənət aləmində silinməz iz qoyduğunu diqqətə çatdırıblar.
Çıxışlardan sonra Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşası göstərilib. Vaxtilə bu tamaşada Şahbaz bəyi oynayan və izləyicilər tərəfindən rəğbətlə qarşılanan aktyor səhnə əsəri ilə bir daha yad edilib.
Qeyd edək ki, Osman Hacıbəyov El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”), Fərhad (“Bəxtsiz cavan”), Florindo Aritun (“İki ağanın bir nökəri”), Şamdan bəy (“Şamdan bəy”), Şirinbala (“Şirinbala bal yığır”), Tarverdi (“Xırs quldurbasan”), Polkovnik Ferrari (“Ovod”) və başqa rolları ilə sənət tariximizdə iz qoyub.

Həmidə