“Məhəbbət əfsanəsi”nin Moskva premyerasından təəssüratlar
Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası keçirilib.
Bəstəkarın böyük türk şairi Nazim Hikmətin pyesi əsasında 1961-ci ildə yazdığı balet müəllifə dünya şöhrəti gətirib. Əsər ilk dəfə 1961-ci ildə Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinski Teatrı), 1965-ci ildə isə Moskvada, Böyük Teatrın səhnəsində tamaşaya qoyulub. Hər iki tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq artisti Yuri Qriqoroviç olub. Dünya balet sənətinin incilərindən olan əsər uzun illər hər iki teatrın repertuarında özünə yer tutub.
Müəyyən fasilədən sonra balet Yuri Qriqoroviçin xoreoqrafiyası və SSRİ Xalq rəssamı, mərhum Simon Virsaladzenin eskizləri əsasında bərpa olunaraq yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunur. Yeni quruluşda Məhinbanu rolunu Rusiyanın Xalq artisti Svetlana Zaxarova, Fərhad rolunu Böyük Teatrın aparıcı solisti Denis Redkin, Şirin rolunu isə Rusiyanın Əməkdar artisti Nina Kaptsova ifa ediblər.
Premyerada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycandan nümayəndə heyəti iştirak edib. Nazir Arif Məlikovu təbrik edərək “Məhəbbət əfsanəsi”nin Böyük Teatrda növbəti premyerasını Azərbaycan mədəniyyətinin əlamətdar hadisəsi kimi qiymətləndirib.
SSRİ Xalq artisti Yuri Qriqoroviç baletin yeni quruluşu barədə fikirlərini bölüşərək bildirib ki, xoreoqrafiyada bəzi dəyişikliklər edilib, amma musiqiyə toxunulmayıb. Çünki Arif Məlikovun musiqisi füsunkardır.
Bəstəkar Arif Məlikov qeyd edib ki, “Məhəbbət əfsanəsi”nin Rusiyanın əsas səhnəsinə qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir. “Əfsanə” də elə buna görə yaşayır, çünki incəsənət və məhəbbət sərhəd tanımır.
“Məhəbbət əfsanəsi”nin Moskva zəfərinə şahidlik edən gənc bəstəkarlar, Arif Məlikovun yetirmələri - Sevda Rəhimova, Ceyhun Allahverdiyev və İlahə Qismət Bakıya döndükdən sonra öz təəssüratlarını bizimlə bölüşdülər.
Bakı Musiqi Akademiyasının müəllimi, bəstəkar Sevda Rəhimova:
- Oktyabrın 23-ü bizim üçün tarixi bir gün idi. Həmin gün Böyük Teatrın səhnəsində "Məhəbbət əfsanəsi"nin yenidən canlanmasının şahidi olduq. Arif Məlikovun musiqisi hər bir insanın ürəyinə yol tapır. Baletin adajio parçaları səslənəndə insanların üzündə sevgi, kədər, sevinc hissləri duyulurdu, tamaşaçılar nəfəslərini içinə çəkərək sehrli musiqinin sədalarına hakim kəsilmişdilər. Hətta musiqi nömrələri sona qədər bitməmiş dinləyicilər öz emosiyalarını saxlaya bilməyərək alqışlayırdılar. Möhtəşəm musiqi və xoreoqrafiya... Bu gözəllikləri görərkən sanki başqa bir məkana düşmüşdüm. Rəngarəng kostyumlar və səhnə quruluşu. Bir sözlə, tamaşa mükəmməl idi. Özümüzü nağıllar aləmində hiss edirdik. Mərhəmətli Məhinbanu, gözəl, zərif Şirin və mərd Fərhad... Balet ustaları hissləri o qədər səmimi yaşayırdılar ki, onların yaratdığı obrazlara aşiq olmamaq mümkün deyildi. Bütün bunları görərkən mən basa düşdüm ki, yüz il də keçsə, bu obrazlar həmin emosiyalarla ifa olunacaq. Ona görə ki, "Məhəbbət əfsanəsi" daimi yaşayacaq bir əsərdir.
Premyera günü ustadımıza dəstək vermək, onun ətrafında olmaq, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müəllimləri, Arif Məlikovun məktəbini keçən Ceyhun Allahverdiyev, Arzu Məmmədova və Gülnarə Məmmədova ilə birlikdə bu sevinci bölüşmək mənim üçün böyük şərəf idi. Baletin nümayişindən sonra tamaşaçılar uzun müddət ayaq üstə dayanıb alqışlayanda mən bir azərbaycanlı kimi qürur hissi keçirdim. Premyeradan sonra keçirilən tədbirdə canlı əfsanələr bir məkana yığışmışdı. Əlli ildən çox yaşayan baletin müəllifləri yenə də bir arada idi: Arif Məlikov və Yuri Qriqoroviç. Onların hər sözü bizim üçün qiyməti olmayan sərvətdir. Azərbaycan mədəniyyətinin tarixi günündə iştirak etdiyimə görə Mədəniyyət və Turizm Nazirliyinə, Arif müəllimə, Bakı Musiqi Akademiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm.
Bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev:
- Təbii ki, hər bir azərbaycanlı Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi”nə baxmağı ilə fəxarət hissi keçirər. İlk növbədə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk ki, bizim premyerada iştirakımıza şərait yaratdı. Hər dəfə Arif Məlikovun ecazkar bəstəsi səslənəndə insan fikirləşir ki, bu musiqi sanki 50 il bundan əvvəl deyil, bu gün yazılıb. Əsərdə həm Avropa musiqisinin, həm də Şərq musiqisinin zənginliyi mükəmməl şəkildə uzlaşır. Bu əsəri dinləyən hər kəs Şərqin sədalarını, intonasiyalarını və Qərbin mürəkkəb formalarını birlikdə qəbul edir.
Çünki musiqinin təsiri və librettosu o qədər zəngindir ki, yarandığı gündən bu günə kimi dəyişiklik edilmədən səhnələri bəzəyir. Böyük Teatr dünyanın ən möhtəşəm teatrlarından biridir. Bu məkanda Arif Məlikovla birlikdə onun əsərini dinləmək insanda böyük ruh yüksəkliyi yaradır. Müəlliminlə birlikdə bu xoş hadisəni yaşamaq hər tələbəyə nəsib olmur və böyük xoşbəxtlikdir. Moskvadan qayıtdıqdan sonra Musiqi Akademiyasında tələbələrlə bu böyük hadisə haqqında fikirlərimizi bölüşürük. “Məhəbbət əfsanəsi” bütün dünya səhnələrini bəzəyə biləcək bir əsərdir və biz çox fəxr edirik ki, müasirimiz olan Arif Məlikovla birlikdə çalışırıq.
Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının magistrantı İlahə Qismət:
- Hər gəncin arzusudur ki, tələbə olaraq öz müəlliminin premyerasında iştirak etsin. Nümayəndə heyətinin tərkibində Moskvaya ezam olunduq və əsrarəngiz baletin canlı şahidinə çevrildik. Arif Məlikovun Azərbaycanın dahi bəstəkarı olduğunu hamımız dərk edirik, amma Böyük Teatrın zalında əyləşən müxtəlif millətlərin nümayəndələrinin dəqiqələrlə sürəkli alqışları biz tələbələri və bütün Azərbaycan üçün fəxrdən uca bir hissdir. Arif Məlikov öz musiqisinin dili ilə dünyaya Azərbaycanı sevdirə bilir.
Sayılıb-seçilən teatrın səhnəsində balet truppasının ifasını görmək heyranlıq yaradırdı. Balet ustalarının ideal dərəcədə plastikaları, ifadə vasitələri tamaşaçıya bu əsəri tam yaşada bildi. Orkestr yüksək professionallıqla ifa edirdi. Sondakı alqış seli də Arif Məlikov, Yuri Qriqoroviç və tamaşanın yaradıcı heyətinin uğurunun bariz göstəriciləri idi. İnanıram ki, 50 ildən artıqdır səhnələri bəzəyən bu möhtəşəm əsər daima yaşayacaq. Bir tələbə kimi premyerada iştirakım gözəl təəssüratla yanaşı, yaradıcılığıma da stimul verdi.
Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baleti oktyabrın 26-da balet Böyük Teatrın rəsmi “YouTube” kanalı ilə canlı yayımlanaraq 30 mindən artıq izləyicini bir araya gətirib. Böyük Teatrın səhnəsində oynanılan “Məhəbbət əfsanəsi” baleti Azərbaycan mədəniyyətinin, incəsənətinin bitməz-tükənməz bir dərya olduğunu bütün dünyaya bir daha sübut etdi.
Lalə Azəri