Mədəni yeniliklərlə zəngin daha bir ili yola salırıq. 2014-cü il teatr tariximizdə yeni tamaşalar, sənət ocaqlarının müxtəlif layihələri, qastrol səfərləri ilə zəngin oldu.
Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri, Əməkdar incəsənət xadimi Akif Məlikov 2014-cü ilin onlar üçün uğurlu olduğunu bildirdi. Onun sözlərinə görə, Niyazinin “Rast” baletinin, C.Puççininin “İl Tabarro” (“Plaş”) operasının tamaşaları bu il teatrın ən mühüm beynəlxalq layihələrindəndir. C.Perqolezinin “Qulluqçu xanım” operası, F.Əlizadənin “İntizar”, A.Pyatsollanın “Məhəbbət tanqosu” baletləri, V.Motsartın “Fiqaronun toyu”, C.Verdinin “Otello” operalarının yeni quruluşları teatrın repertuarında yer tutmaqdadır.
Teatrın qastrol səfərləri də rəngarəng keçib. Simfonik orkestr Almaniyada təşkil olunan ənənəvi “Qut İmmlinq” opera sənəti festivalına qatılıb. Teatrın balet truppası Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın Paris və Strasburq şəhərlərində F.Qarayevin “Qobustan kölgələri” baletini nümayiş etdirib.
Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov da sona çatmaqda olan ilin yaddaqalan olduğunu dedi: “İl ərzində teatrda G.Dumbadzenin “Gecə qonağı” (“Məqam” adı ilə), V.Zuyevin “Sülh göyərçini” (“Mən, biz...”), H.Cavidin “Topal Teymur” (“Əmir Teymur”), Y.Şvartsın “Kölgə”, B.Nuşiçin “Nazirin xanımı”, V.Səmədoğlunun “Generalın son əmri” və s. əsərlər tamaşaya hazırlanıb. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası teatrsevərlərin ixtiyarına verilib. Məşqləri başlanan İ.Əfəndiyevin “Mənim günahım”, L.de Veqanın “Hiyləgər məşuqə”, G.Anarqızının “Təhminə”, A.Krımın “Keçmişdən zəng”, R.Əlizadənin “Laləli düzən” tamaşaları gələn il tamaşaçılara təqdim olunacaq”.
Teatrın kollektivi M.F.Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin tamaşası ilə Türkiyənin Adana şəhərində, “İlahi oyun” tamaşası ilə isə Konya şəhərində və Tbilisidə festivallara qatılıb.
Dövlət Musiqili Teatrının rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin sözlərinə görə, bu il teatrın tarixçəsinə bir sıra yeniliklər, yaddaqalan premyeralar yazılıb. Teatrın kollektivi respublikamızın müxtəlif bölgələrinə qastrol səfərlərində olub: “Son illərdə repertuarımızı bayağı, süni gülüş doğuran bir sıra tamaşalardan təmizləməyə nail olmuşuq, işgüzar mühit yaratmışıq. Teatrın adının dəyişdirilməsi də kollektivin yaradıcılıq fəaliyyətinə ciddi təsir göstərib. Bu ilin ilk tamaşası Xalq artisti, rejissor İranə Tağızadənin hazırladığı “Bu bizik - Musiqili Teatr!” adlı ikihissəli burlesk oldu. Tamaşada, demək olar ki, repertuarda olan bütün əsərlərdən parçalar oynanıldı. Yola saldığımız ilin teatrımız üçün daha bir yaradıcılıq uğuru Ramiz Heydər və Oqtay Kazıminin «Qızıl toy» əsəri sayıla bilər”.
Gənc Tamaşaçılar Teatrının rəhbəri, Əməkdar artist Mübariz Həmidov bu il uğursuz tamaşalarının olmadığını bildirdi: “İl teatrımız üçün bir sıra maraqlı hadisələrlə yadda qaldı. Məsələn, M.MakDonaxın “Lineyn trilogiyası” bizə uğur gətirdi. Oktyabrda Rusiyanın Perm şəhərində ilk dəfə keçirilən M.MakDonax festivalında “Yalqız Qərb” tamaşasını nümayiş etdirdik. Tamaşa festivalın xüsusi mükafatına layiq görüldü. Xaricə qastrol səfərlərimiz gerçəkləşdi. Həştərxan Gənc Tamaşaçılar Teatrında iki tamaşa ilə çıxış etdik. Kalmıkiya Milli Dram Teatrındakı çıxışlarımız da çox uğurlu alındı”.
Teatrda bu il həmçinin «Qırmızı papaq» «Sarıköynəklə Valehin nağılı» və «Ağ ölüm» tamaşaları təhvil verilib.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bu il dörd yeni tamaşa ilə uşaqların görüşünə gəldiklərini dedi: “Rusiyadan dəvət etdiyimiz rejissor Eduard Qaydar və rəssam Tatyana Melnikova rus xalq nağılı “Qoğal”ı fərqli yozumda təqdim etdilər. Yapon xalq nağılları əsasında “Kim daha güclüdür?” (rejissor Anar Məmmədov, rəssamı Rəvanə Abbasova) hazırladığımız tamaşa da maraqla qarşılandı. Teatrımızın baş rejissoru Qurban Məsimovun hazırladığı "Şou çanta trio və...” tamaşası da balacaların ixtiyarına verildi. Teatrın uğurlu premyeralarından biri də yeni yozumda hazırlanan “Tıq-tıq və Taq-taqın nağılı” oldu. Son olaraq isə “Sehrli üzük” nağılının motivləri əsasında teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan eyniadlı səhnə əsərini tamaşaçıların ixtiyarına verdik”.
Direktor bu il iki xarici səfərlərinin də olduğunu bildirdi: “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Hindistanın Nyu Dehli şəhərində keçirilən “İşara” beynəlxalq kukla teatrları festivalında Qurban Məsimovun “Şou çanta trio və...” tamaşası ilə iştirak etdik. Rusiyanın Kurqan vilayətində keçirilən “Uçuş arzusu” festivalına da qatıldıq. Bundan başqa, Şəki şəhərində gerçəkləşən I Beynəlxalq Teatr Festivalında da uğurla təmsil olunduq”.
Həmidə Nizamiqızı