Xalq Cümhuriyyətinin yaradılmasında iştirak etmiş Leon Kriçinskiyə abidə ucaldılıb

Polşanın Pomorski vilayətinin Veyxerovo şəhərindəki, Piaşnitsa qəbiristanlığında Leon Kriçinskinin abidəsinin açılış mərasimi keçirilib. Tədbirin təşkilatçılarından biri Polşa Tatarları Mədəniyyət Mərkəzi olub.
Mərkəzin sədri Yeji Şaxuneviç Leon Kriçinskinin həyat yolu, Krımın və Azərbaycanın azadlığı uğrunda fəaliyyətindən danışıb. Y.Şaxuneviç verdiyi dəstəyə görə Azərbaycanın Polşadakı səfirliyinə minnətdarlığını bildirib.
L.Kriçinskinin xatirəsinin əbədiləşdirilməsi mərasimində xristian və müsəlman ayinləri icra olunub. Abidə üzərindəki xatirə yazısında bu qeydlər var: “Leon-Nayman-Mirzə Kriçinski (1887-1939). Hüquqşünas, yazıçı, səyyah. Krımın və Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın fəal iştirakçısı. Polşa tatarlarının mədəni dirçəlişinin banisi”.
Tədbir çərçivəsində səfir Vilayət Quliyevin “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı təqdim olunub. Kitabda Kriçinski qardaşları haqqında tarixi məlumatlar var.
Leon və Olqred Kriçinski qardaşlarının Xalq Cümhuriyyətinin yaradılmasında böyük xidmətləri olub. Olqred Kriçinski AXC-nin ədliyyə nazirinin müavini, Leon Kriçinski isə Nazirlər Kabineti Katibliyinin rəisi olub.