Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qaçaq qocalar” əsəri Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq teatr festivalında nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının “Rejissor laboratoriyası”nda hazırlanan tamaşaya Əməkdar artist Nofəl Vəliyev quruluş verib.
İyunun 4-də Teatr Xadimləri İttifaqında festivaldan qayıdan yaradıcı heyətin media nümayəndələri ilə görüşü keçirildi.
Görüşü yaradıcı heyətin rəhbəri, Xalq artisti Hacı İsmayılov açaraq səfərlə bağlı təəssüratlarını bölüşdü. İştirakçılara festivaldan video görüntülər təqdim edildi. Müəllif Elçin Hüseynbəyli yaradıcı heyətə təşəkkürünü bildirərək əsərin ideyası və mövzusundan danışdı. Qarabağ mövzusunda, psixoloji dramın köçkün harayı olduğunu nəzərə çatdırdı.
Rejissor və aktyor Nofəl Vəliyev səfərin təşkilində köməyi keçən hər kəsə minnətdarlığını bildirdi: “Çalışdıq ki, Azərbaycanı festivalda layiqincə təmsil edək və vətənimizdən bir parçanı göstərə bilək. Əsas məqsəd bu gün Qarabağla bağlı hansı hisslər, nələr yaşanır, onu göstərmək və festival iştirakçılarına çatdırmaq idi. İnanıram ki, dünyanı bu əsərin qəhrəmanları timsalında olan insanlar xilas edəcək”.
Tamaşada iştirak edən aktyorlar Kərəm Hadızadə və Məsumə Babayeva da təəssüratlarını bölüşdülər və yaradıcı heyət jurnalistlərin suallarını cavablandırdı.
Tamaşanın rejissoru Nofəl Vəliyev, səs operatoru Nazim Kərimli, səhnə texnikası üzrə mütəxəssis Zaur Abbasovdur.
Lalə Azəri