Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci mövsümün ilk tamaşaları sentyabrın 19-da nümayiş etdiriləcək. Həmin gün saat 12-də H.K.Andersenin “Çirkin ördək balası”, saat 19-da isə U.Şekspirin “Romeo və Cülyetta” tamaşaları göstəriləcək.
“Çirkin ördək balası” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
“Romeo və Cülyetta” tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir.
Bundan başqa, tamaşaçılar sentyabrın 20-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşasına baxa biləcəklər. Benefis-tamaşa teatrın qocaman aktyoru, Əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunub.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.