Bakı Uşaq Teatrı yeni mövsümü həm uşaq, həm də böyüklər üçün olan iki tamaşa ilə açır. 26 sentyabrda “Tıq-tıq xanım”ı balaca tamaşaçılara təqdim edən kollektiv 7 oktyabrda Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət Sarayında “Günahsız günahkarlar” tamaşasını göstərəcək.
Müasir dövrün qlobal problemlərindən olan insan alveri mövzusuna həsr olunan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında populyar olan “Mafiya” oyunu üzərində qurulub. Gənclər yığışıb oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.