"Biri vardı, biri yox"
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.
Şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun "Biri vardı, biri yox" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.
Səhnə əsərində teatrın aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.
Tamaşanın mövzusu meşə heyvanlarının zəlzələ olacağı barədə xəbəri insanlara çatdırması, onları bu təbii fəlakətdən xilas etmək haqqında öz aralarındakı məsləhətləşmələri, insanlara kömək etmək istəklərinə qarşı rastlaşdıqları maneələri necə dəf etmələrindən bəhs edir.
Yeni tamaşanın noyabr ayının 1-də nümayiş etdirilməsi nəzərdə tutulur.