Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatıb. Oktyabrın 9-dan start götürən və üç gün davam edən qastrol səfəri iki yaradıcı kollektiv arasında əməkdaşlıq sazişi çərçivəsində gerçəkləşib.
Qonaq heyət Gənc Tamaşaçılar Teatrının səhnəsində A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” əsərlərinin tamaşalarını nümayiş etdirib.
Böyük rus şairinin mənzum nağılı əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı Saqlara Çulkayevadır. Rolları aktyorlar Sandji Pursyakov, Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva oynayırlar.
Tanınmış yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" əsəri ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilib. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış ediblər. Hər iki tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Nümayişdən sonra çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru Bəhram Osmanov mədəniyyət ocaqları arasında davam edən yaradıcılıq münasibətlərinin tarixindən, nümayiş etdirilən tamaşalardan danışaraq qastrol səfərinə görə qonaq teatra təşəkkürlərini bildiriblər.
Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiyanın Əməkdar mədəniyyət işçisi Qalina Şurayeva, teatrın bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Boris Manciyev isə göstərilən isti münasibətə görə öz minnətdarlıqlarını bildirərək Gənc Tamaşaçılar Teatrının oktyabrın sonunda Elistaya səfərini səbirsizliklə gözlədiklərini vurğulayıblar.
Qonaq heyət adından Gənc Tamaşaçılar Teatrına və “Sevən qadın” əsərinin müəllifi Əli Əmirliyə hədiyyələr təqdim edilib. Milli teatrın baş direktoru Q.Şurayevaya Dövlət Gənc Tamaşaçılar Teatrı adından hədiyyə verilib.
Kalmık Milli Dram Teatrının aktyorları Baatr Sandjiyev, Sandji Pursyakov, Marina Kikeyeva, Tatyana Zarayeva, Saqlara Qoydıkova və teatrın işıq üzrə rəssamı Andrey Savçenko “Azərbaycan və Kalmıkiya Respublikalarının teatrları arasındakı yaradıcılıq əlaqələrinin genişləndirilməsində fəal iştiraklarına görə” Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomlarına layiq görülüblər.
Qeyd edək ki, oktyabrın 26-dan 30-dək Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfərində P.Nurəliyevanın “Dəcəl keçi” və Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərlərinin tamaşalarını göstərəcək.