Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatrşünaslıq kafedrasının müəllimləri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və Elçin Cəfərov VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak ediblər.
2009-cu ildən etibarən hər il keçirilən, keçmiş sovet, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olan festivala bir çox ölkələrdən iştirakçılar qatılır.
Festivalın əsas proqramlarından olan “Showcase” proqramının əsas hədəfi dünya mədəniyyət şəbəkəsinə inteqrasiyadır. Proqram teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. 30-dək ölkədən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı “Showcase” iştirakçılara əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Festival çərçivəsində seminarlar, treninqlər, sərgilər də təşkil olunub. Tədbir çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Bizim dövrün Şekspiri və mənim ölkəm” adlı elmi konfransda Elçin Cəfərov “Şekspir dramaturgiyasının “Psixosof” teatr poetikasında yozumu” adlı məruzə ilə çıxış edib.