Mayın 18-də Milli Kitabxanada respublikanın aparıcı kitabxanaları, Bakı şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri və universitet kitabxanaları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirə mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni qanunvericilik aktlarının hazırlanması məqsədilə təkliflərin hazırlanması məqsədilə təşkil olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, ötən əsrin 90-cı illəri üçün çox mükəmməl sənəd olmuş “Kitabxana işi haqqında” qanunun yenilənməsi vacibdir. Bu günün tələblərinə uyğun olaraq kitabxanaların kompüterləşdirilməsi, virtual xidmət, elektron kitabxanaların yaradılması və fəaliyyəti, respublika çap məhsullarının arxiv fondunun yaradılması, nəşr məhsullarının qeydiyyatının aparılması və digər məsələlərlə bağlı qanunun təkmilləşdirilməsi, yeni maddələrin əlavə olunması məqsədəuyğundur.
Müşavirədə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Respublika Elmi-Pedaqoji Kitabxananın direktoru Tamilla İsmixanova və başqaları qanunun yenidən işlənməsi üçün işçi qrupun və əlaqələndirmə şurasının yaradılmasının zəruriliyini qeyd ediblər.
Çıxışlarda kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində, elektron kitabxananın əlçatan olmasında mövcud problemlər, kitabxanaların sosial vəziyyətinin yaxşılaşdırılması, peşə bayramının təsis edilməsi, kitabların universal standartlara uyğun rəqəmsallaşdırılması, kitabxanalar üçün vahid kitab satışı mərkəzinin yaradılması kimi məsələlərə toxunulub. Bir ay müddətində təkliflərin hazırlanıb təqdim olunması qərara alınıb.