Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın növbəti nümayişi olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Kişineudakı (Moldova) Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Səhnə əsərində Xalq artisti Ramiz Novruz, əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Nigar Güləhmədova, Anar Heybətov və başqaları çıxış edəcəklər. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və teatrın təşəbbüsü ilə həyata keçirilən “GUAM ölkələrinin teatr məkanı” layihəsi çərçivəsində ərsəyə gəlib.