Sehri minilliklər boyu köhnəlməyən teatr bəşər sivilizasiyası inkişaf etdikcə irəliləyib, başqalaşıb, formasını, bəzən də məzmununu dəyişib. Texnoloji inqilab müasir teatrdan da yan ötməyib. Amma bütün bunlar nə teatra marağı azaldıb, nə də yaradıcı insanların teatr sənəti ilə özünüifadə istəyini. Deyə bilərsiniz ki, bu gün teatra maraq əvvəlki deyil. Elədir. Zamanı nəzərə almaq lazımdır. Amma aqillər demişkən, bizə gedənlər yox, qalanlar lazımdır.
Belə bir lirik ricətdən sonra Mədəniyyət və Turizm Nazirliyinin 10 illiyi münasibətilə ölkə teatrlarına dair bəzi maraqlı və statistik məlumatları sadalamağa, bizim xalqın teatr sevgisinə və dövlətimizin teatr qayğısını faktlarla göstərməyə cəhd edək.
Yazılan qanunlar sənəti irəli aparır
Sənəti sənətkarlar, peşəkarlar və sevənlər yaratsa da, onu idarə etmək, yaşatmaq, inkişafına nail olmaq yalnız müvafiq qanunların və proqramların qəbulu ilə mümkündür. Bu yerdə xatırlatmağa dəyər ki, 2006-cı ildə ölkəmizdə «Teatr və teatr fəaliyyəti haqqında» qanun qəbul edildi. Qanunun qəbulundan bir qədər sonra dövlət başçımızın «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» 19 fevral 2007-ci il tarixli sərəncamına uyğun olaraq, 18 may 2009-cu il tarixində «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı təsdiq edildi. Proqramda Azərbaycan teatr sənətinin on il ərzində inkişaf perspektivləri, milli teatr sənətinin zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin yaşadılması, dünya mədəniyyətinə inteqrasiya, teatr aləmində sistemli islahatların aparılması, yeni dövrün şərt və tələblərinə uyğun idarəçilik təcrübəsinin teatr prosesinə daxil olması, prodüserlik institutunun formalaşması, bölgələrdə bələdiyyə teatrlarının yaradılması və digər tədbirlər əksini tapıb. Ötən illərdə proqramın yerinə yetirilməsi istiqamətində görülən işlər ölkəmizin teatr həyatının canlanmasına xidmət edib.
Teatrlarda bərpa-təmir: paytaxtdan bölgələrədək
Ölkəmizdəki dövlət teatrlarının sayı ilə maraqlanırıqsa, deməliyik ki, onların sayı 26-ya bərabərdir. Ötən on ildə ölkə Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı və Şəki Dövlət Dram Teatrının binaları əsaslı təmir edilib. Son onillikdə Sumqayıt Dövlət Dram Teatrı, İrəvan Azərbaycan Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima Teatrı bina ilə təmin edilib. Təmir, bərpa işləri, teatr binalarının yeni səhnə avadanlığı və texnoloji effektlər ilə təmin olunması təqdirəlayiq haldır. Eyni zamanda onu da vurğulayaq ki, teatrı sənət ocağına çevirən hazırlanan tamaşalar, səhnə əsərlərini alqışlayan tamaşaçılardır.
Nə qədər tamaşaya baxdıq, kimləri alqışladıq?
Son on ildə 26 teatrda 853 əsər səhnələşdirilib. Onlardan 173 əsər dövlət sifarişi ilə tamaşaya qoyulub. Səhnəyə qoyulan tamaşaların təkcə sayı deyil, onların səhnə taleyi də maraqlıdır. Azərbaycan teatrları müntəzəm olaraq xarici qastrol səfərlərinə çıxır, müxtəlif festivallarda çıxış edirlər. Ötən on ildə Azərbaycanın teatr kollektivləri 28 ölkədə - ABŞ, Hindistan, Gürcüstan, Ukrayna, Belarus, Serbiya, İsveç, Moldova, Türkiyə, Rusiya, Özbəkistan, İran, Finlandiya, İsveçrə, Estoniya, Misir, Şri-Lanka, Bolqarıstan, Mərakeş, Polşa, Almaniya, Fransa, İtaliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Makedoniyada milli teatr sənətimizi nümayiş etdirmişlər. Ayrı-ayrı teatrlarda çalışan rejissor və rəssamlar yaradıcılıq mübadiləsi layihələri çərçivəsində müxtəlif ölkələrin teatrlarında tamaşalara quruluş vermişlər.
Festival həm də məharət göstərmək məkanıdır
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının Tədbirlər Planına görə, 2009-cu ildə Gəncədə, iki il sonra isə Lənkəranda “Yeni Teatr” Respublika Festivalı keçirilib. Əvvəlcə respublika əhəmiyyətli teatr bayramı kimi nəzərdə tutulan kukla teatrları festivalı isə 2011-ci ildən beynəlxalq status alıb. Həmin il noyabrın 1-dən 6-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) və TÜRKSOY təşkilatının iştirakı ilə Bakı Beynəlxalq Kukla Teatrları Festivalı və “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı simpozium keçirildi.
2012-ci ilin fevral ayında ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Mütəxəssislərinin Beynəlxalq Alyansı) İcra Komitəsinin toplantısı ölkəmizin paytaxtında keçirildi. Toplantıya 16 dövlətdən nümayəndələr qatıldı. Yeri gəlmişkən, qeyd edək ölkəmiz Azərbaycan teatrları ASSİTEJ (Gənc Tamaşaçılar Teatrı) və UNİMA (Dövlət Kukla Teatrı) kimi beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar.
Ölkə Prezidentinin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq 2012-ci ilin iyun ayında Mingəçevirdə və Bakıda “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı baş tutdu. Bu səpkili tədbirlərdən 2014-cü ilin sentyabr ayında Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirildi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Teatr Xadimləri İttifaqının dəstəyi ilə Beynəlxalq rejissor laboratoriyası fəaliyyət göstərdi.
Ümumiyyətlə, teatr tariximizə nəzər salsaq, Azərbaycan teatrının beynəlxalq yaradıcı əlaqələri heç zaman son on ildəki qədər maraqlı və dolğun olmayıb. Dövlət sifarişi ilə tamaşa hazırlamaq üçün MDB və Avropa ölkələrindən N.Başova (Belarus), K.Şahmərdan (Finlandiya), T.Melnikova, T.Tarakanova, V.Belyakoviç, İ.Sakayev, T.Nasirov, E.Koçergin, N.Sazonov (Rusiya), T.Şevçenko, A.Nepitalyuq, Y.Karpenko, Y.Moreva (Ukrayna), Q.Kapanadze, L.Tsuladze, Y.Matsxonaşvili, V.Koridze (Gürcüstan), P.Vudkeriu (Moldova), İ.Krujilina (ABŞ), D.Jeriçeviç, İ.Simic (Xorvatiya), Y.V.Van Den Boş, L.Kuk, M.Manyon, L.Kukin (Böyük Britaniya) kimi tanınmış rejissorlar, baletmeysterlər, rəssam və dizaynerlər dəvət ediliblər.
Teatr tarixi kitablarda
2010, 2012 və 2014-cü illərin noyabr ayında Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi, bu elmi məclisin öz iştirakçı coğrafiyasını hər dəfə genişləndirməsi faktı Azərbaycanda teatrşünaslıq elminin inkişafına, bu sahəyə göstərilən dövlət qayğısına sübutdur.
Son on ildə Azərbaycan teatr tarixi və nəzəriyyəsi bir sıra maraqlı tədqiqatlar ilə zənginləşib. A.Talıbzadənin “Mehdi müəmması”, “Orta əsrlər Yaxın və Orta Şərq ölkələrində teatrın təzahür formalarının poetikası”, İ.Rəhimlinin Opera və Balet Teatrının 100 illiyi”, “İrəvan Teatrının 125 illiyi”, “Milli Dram Teatrı” üçcildliyi, “Naxçıvan Teatrının 125 illiyi” (C.Vəzirov ilə birlikdə), İ.İsrafilovun “Dördüncü ölçünün rəngləri”, “Tofiq Kazımovun rejissor dərsləri” və s. kitablar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib. “Yeniləşən mədəniyyət, yeniləşən məkanlar” silsiləsi təmirdən çıxmış binalar - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrına aid 20-yə qədər kitab işıq üzü görüb. İki cilddə nəşr edilmiş “Azərbaycan Teatr Antologiyası” isə bu nəşrlərin arasında mühüm vəsait sayılır.
İnformasiya texnologiyalarının geniş yayılması teatra aid veb-saytların yaradılması, internet mənbələrin çoxalmasını zəruri edir. “Azərbaycan teatrı dünən, bu gün, sabah” Azərbaycan teatr portalı, İ.Əfəndiyevin, Ş.Bədəlbəylinin saytı və digər resurslar teatra aid elektron informasiya boşluğunu doldurur.
G.Mirməmməd