İyunun 1-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” ASC-nin birgə təşkil etdikləri “Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. O, jurnalist yazıları müsabiqəsinin bu istiqamətdə görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Fondun icraçı direktoru Vüqar Səfərli aprelin 1-dən mayın 20-dək davam edən müsabiqəyə 30-dan artıq kütləvi informasiya vasitəsindən 51 jurnalist tərəfindən yazıların təqdim olunduğunu bildirib. Müsabiqənin nəticələrinə əsasən I-III yerlərə və həvəsləndirici mükafatlara layiq görülənlər təltif edilib.