Xəbər verdiyimiz kimi, 4-5 may tarixində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıda qastrol səfərində oldu. Kollektiv Eduardo de Filipponun «Ruhlar» və Bəhram Beyzayinin «İlan Sultan» tamaşasını təqdim etdi. Hər iki əsərin paytaxt teatrlarının repertuarında olmadığını nəzərə alsaq, sənətsevərlərin, teatr tənqidçilərinin bu tamaşalara marağı anlaşılan idi.
Teatr rəhbərliyinin məhz bu iki səhnə əsərini qastrol proqramına salması təsadüfi deyildi. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi «Ruhlar» tamaşası 2014-cü ilin sentyabrında Şəkidə keçirilmiş I Beynəlxalq Teatr Festivalında diploma layiq görülüb, «İlan Sultan» isə bu ilin yanvarında İranda keçirilmiş Beynəlxalq Fəcr Teatr Festivalında mükafat qazanıb.
Qastrolun sonuncu günü baş rejissor Tural Mustafayev bizimlə ayaqüstü söhbətində səfər və teatrın gələcək planları barədə danışdı:
- Lənkəran teatrı axırıncı dəfə Bakıda təxminən üç il əvvəl çıxış etmişdi. Bölgə teatrları üçün Bakıda çıxış etmək hər hansı xarici ölkədə çıxış etməkdən daha önəmlidir. Aktyorlar paytaxt səhnəsinə çıxanda daha çox həyəcanlanırlar. Bəzən isə bu həyəcan onların oyununa, öz potensiallarını göstərməyə mane olur.
- Xarici ölkə səhnəsi demişkən, Bakıdan sonra hansısa səfər gözlənilirmi?
- İrana qastrol nəzərdə tutulur. Rusiya ilə danışıqlar aparırıq. Amma hələlik vaxtı və hansı tamaşaları aparacağımızı dəqiqləşdirməmişik.
- Sizin hazırladığınız «Ruhlar» tamaşası Şəki festivalında maraqla qarşılanmışdı. Yəqin ki, bu il də Şəkidə çıxış edəcəksiniz?
- Bəli, festivala yeni bir tamaşa ilə qatılacağıq.
İran dramaturqu Bəhram Beyzayinin eyniadlı əsərinə bu ölkədən dəvət edilmiş rejissor Xeyrullah Təqianipurun quruluş verdiyi «İlan Sultan» tamaşası əslində böyüklər üçün nağıl-tamaşa sayıla bilər. Övlad arzusu ilə alışıb-yanan, artıq yaşlaşmış Şah ilə Vəzir möcüzə sayəsində övlad sahibi olurlar. Vəzirin gözəl-göyçək qızı, hökmdarın isə ilan cildində bir oğlu olur. Hökmdarın vəfatından sonra vəliəhdi himayə edən Vəzir vaxt-vədənin tamamında qızı Nigarı İlan Sultana ərə getməyə razı salır. Elə hər şey buradan başlayır.
İlk baxışda nağıllar, dastanlar üçün adi görünən süjet xətti - sevgilisinə qovuşmaq üçün illərini sərf edən vəfalı qızın başına gələnlər barədə çox maraqlı səhnə həlli ilə tamaşaçıya təqdim edilir. Pilləli podium gah cəmiyyətdəki iyerarxiyanı çatdırır, gah saray qapısına, gah da insanları bir-birindən ayıran dağ-təpəyə çevrilir.
Tamaşada aktyorlar Səyyad Əliyev (İlan Sultan), Sücəddin Mirzəyev (Salnaməçi), Əlibala Əsgərov (Şah), Miraslan Ağayev (Vəzir), Aynur Əhmədova (Nigar), Qızılgül Quliyeva (Dayə), Tərlan Abdullayev (Darğa) və başqaları çıxış edirdilər.

G.Mirməmməd