May ayının sonlarında Tbilisidə Gürcüstan Dövlət Pantomima Teatrının 50 illiyinə həsr olunmuş beynəlxalq festival keçirilib.
Beş gün davam edən festivalda Azərbaycan Dövlət Pantomima Teatrı da iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivala yollanan kollektiv Xalq artisti Bəxtiyar Xanızadənin və Bəhruz Əhmədlinin «Son ştrix» tamaşasını oynayıb. Tamaşada Əməkdar artist Elman Rəfiyev, aktyorlar Nuridə Musabəyli, Elnur İsmayılov, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış ediblər.
İyirmi ildən bəri Gürcüstan teatrı ilə dostluq edən bizim teatrdan başqa festivala Polşa, Yaponiya və İsraildən gəlmiş pantomim teatrları da qatılıblar. Teatrın direktoru və aktyoru Elman Rəfiyevin dediyinə görə, «Son ştrix» həm tamaşaçılar, həm də digər ölkələrdən gəlmiş peşəkar mimçilər, xüsusən Yaponiya kollektivi tərəfindən maraqla qarşılanıb. Tbilisi televiziyası bizim kollektivin çıxışı haqqında süjet hazırlayıb. Süjetdə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə festival barədə fikirlərini bölüşüb, teatrlar arasında münasibətin mədəni əlaqələrin inkişafına töhfəsini vurğulayıb.
Gürcüstan Dövlət Pantomima Teatrının bədii rəhbəri, tanımış rejissor Amiran Şalikaşvili də öz növbəsində jurnalistlərə açıqlamasında iki kollektivin əməkdaşlığından bəhs edib: “Bu əməkdaşlıq 1996-cı ildən başlayıb. Amma mən Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı ilə əvvəldən tanışam. Azərbaycanlı dostlarımın bu gün yubiley tədbirimizdə iştirak etməsi bizim üçün ikiqat sevincdir. Onların yubileyimizdə gözəl tamaşa nümayiş etdirmələri bizim üçün böyük fərəhdir. Azərbaycanlı aktyorlar tamaşaçıları valeh etdilər. Bizə belə bir sevinci bəxş etdiklərinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Pantomima Teatrının kollektivinə minnətdaram”.

G.Mirməmməd