Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri, filologiya üzrə elmlər doktoru Fəxrəddin Veysəllinin “Fonetika və fonologiya problemləri” kitabı Londonda işıq üzü görüb. 258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb.
Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı geniş bilgi verilib. Bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb.
Bundan başqa, F.Veysəllinin rusca “Pismo” (“Yazı”) kitabı çapdan çıxıb. Qazaxıstandakı Türkologiya Akademiyası “Qloballaşma şəraitində türk məkanı: siyasi-iqtisadi və sosial-mədəni proseslər” proqramı çərçivəsində dilçi alim F.Veysəlli həmin akademiya ilə bağladığı müqaviləyə əsasən “Azərbaycan əlifbasının tədqiqinin linqvistik əsasları” adlı araşdırma həyata keçirib. Kitabın redaktorları Qazaxıstan EA-nın əməkdaşı, professor Əlimxan Cunusbəy və Bakı Slavyan Universitetinin professoru Atamoğlan Həsənovdur.