Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında əməkdaşlığın başlanğıcı kimi Fondun dəstəyi ilə Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda tamaşaya qoyulması razılaşdırılıb.
Bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Salih Efiloğlu ilə görüşündə razılıq əldə olunub. Tamaşanın ilin sonunadək səhnələşdirilməsi gözlənilir.
Fonddan bildirilib ki, görüşdə türkdilli xalqların mədəniyyətinin təbliğ edilməsi istiqamətində zəruri addımların atılması, o cümlədən türk dünyasının görkəmli ədiblərinin əsərlərinin müxtəlif şəhər teatrlarında səhnələşdirilməsi kimi məsələlər müzakirə edilib.
Həmçinin, qeyd edilib ki, türk dünyası üçün böyük xidmətləri olan Əhməd Yəsəvinin vəfatının 850-ci il dönümünün 2016-2017-ci il mövsümündə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirilməsi türkdilli xalqların tarixi-mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, 2016-2017-ci illərdə Fransada, eyni zamanda Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdə Əhməd Yəsəvi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.