Bu da mövsümün sonu. Çal-çağırlı, nəğməli-rəqsli, bol zarafatlı və şirin yumorlu bir yekun tədbiri. Bu tədbirin digər maraqlı cəhəti də mükafatla və təkcə suvenir kimi hər hansı məkanı bəzəyəcək, hansısa illərin sənət uğurunu yada salacaq mükafat yox, həm də teatrda çalışan insan üçün az əhəmiyyətli olmayan pul təltifi ilə fərqləndirmədir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ikinci ildir ki, mövsümün sonunda fərqlənmiş işçilərinə «Sima» mükafatını təqdim edir.

Paytaxt teatrlarının artıq bir neçəsi mövsümü belə təntənəli və yaddaqalan sonluqla başa vururlar. Xoşagələn cəhət budur ki, bu tədbirlərdə mövsümün yekunu ilə bağlı statistika, quru faktlar dolu uzun çıxışlar olmur, əvəzində ssenarisi, rejissoru olan bayramsayağı mərasim təqdim edilir.
Gənc Tamaşaçılar Teatrının kollektivi də mövsümü hesabat yığıncağı ilə qapadı, görülmüş işlərdən, planlaşdırılan işlərdən danışıldı. Amma iş bununla yekunlaşmadı. Necə deyərlər, həmişə bizə bayram ovqatı yaşadanlar, bircə dəfə də olsun, özlərinə bayram keçirdilər.
Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi proqramın aparıcısı aktyor Elnur Kərimov əslində səhnədə aparıcı rolunu oynayırdı. O, səhnəyə təqdimat üçün dəvət etdiyi, əsasən yaşlı və orta nəsli təmsil edən qadın və kişi aktyorları xüsusi şirinliklə təqdim edir, əməyi mükafata layiq bilinənlərin demək olar ki, hər biri barədə ilginc məlumat çatdırırdı.
Beləliklə, teatrın və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi mükafatına “Ən yaxşı tamaşa” nominasiyasında kalmık dramaturqu B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında hazırlanmış “Qohumlar” müzikli, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” nominasiyasında Əməkdar artist Atabala Səfərov, “Mövsümün ən məhsuldar aktyoru” olaraq Əməkdar artist Şövqü Hüseynov layiq görüldü.
İlham Əsədov “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, Vüsal Mehrəliyev “Mövsümün ən uğurlu baletmeysteri”, Əməkdar artist Qurban İsmayılov “Mövsümün seçilən aktyoru”, Zümrüd Quliyeva “Mövsümün ən məhsuldar aktrisası”, Vadim Kuskov “Mövsümün ən yaxşı texniki işçisi”, Ramil Məmmədov “Mövsümün perspektivli aktyoru”, Elgün Yəhyayev “Mövsümün ən yaxşı epizodik rol ifaçısı”, Zəminə Elbir «Mövsümün ən işgüzar işçisi» nominasiyaları üzrə mükafatlandırıldılar.

Teatrın kollektivi onların yaradıcılığını və uğurlarını tamaşaçılara çatdıran mətbuat işçilərini də unutmadı. «Milli.az» xəbər portalı «Teatrın dostu» seçildi.
Mükafatları təqdim edənlər də, alanlar da ürək sözlərini səhnədən söylədilər.
Xalq artisti, Predizent təqaüdçüsü Ağaxan Salmanlı: «Ən böyük mükafat çalışdığın kollektivin mükafatıdır».
Aktrisa Şəfəq Əliyeva: «Teatrda onu sevməyənlər çalışmamalıdır, belələri teatrı sevənlərin işləməyinə mane olurlar».
Əməkdar artist Şövqü Hüseynov: «Aktyor o zaman məhsuldar olur ki, məhsuldar mühitdə işləyir».
Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov: «Yaşlılara mərhəmət, cavanlara səbr arzulayıram».
Aktyorluqla bərabər əsl müğənni kimi Müslüm Maqomayevin repertuarından «Mavi əbədiyyət», «Azərbaycan», eləcə də «O Sole Mio» Neapol mahnısını, «Dədə Qorqud» filmindən balladanı oxumağa qabil olan kollektivin gənc üzvləri sonda «Aktyorun taleyi» adlı musiqili-teatral kompozisiyanı təqdim etdilər.

G.Mirməmməd