“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Türkiyədən İstanbul Bələdiyyəsi Şəhər Teatrı da iştirak edir. Kollektiv 22-23 sentyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Türkiyədə yaşayan soydaşımız, Əməkdar incəsənət xadimi Məlahət Abbasova, quruluşçu rəssamı Ayhan Doğandır. Böyük tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən “Şekspir” tamaşası “Yeni Teatro” dərgisinin mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan beş aktyor “İlin ən yaxşı aktyoru” seçilib.