Teatrda iki yeni tamaşanın məşqləri başlanıb

Sentyabrın 17-dən 19-dək İranın Rəşt şəhərində IX Beynəlxalq meydan teatr festivalı keçiriləcək. Festivalda ölkəmizi Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək.
Kollektiv festivala Üzeyir Hacıbəylinin felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Rollarda əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, eləcə də Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edirlər.
Yeni mövsüm öncəsi teatrda iki yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasına Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Gümrah Ömər quruluş verir.
Əməkdar artist Adil Zeynalov isə Abdulla Şaiqin uşaqlar üçün “Qoçpolad” əsərini tamaşaya hazırlayır.
Tamaşalarda Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Zemfira Əhmədova, habelə Əlibala Əsgərov, Allahverən Babayev, Əbülfəz Ağayev, Qızılgül Quliyeva, Şahrud Mehdiyeva, Aynur Əhmədova və digərləri rol alıblar.
Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ötən mövsümdən cənub bölgəsinin mədəniyyət müəssisələrinə hamilik köməyini də avam etdirməkdədir. Teatrın rəhbərliyinin Cəlilabad rayonunda Xalq teatrının kollektivi ilə görüşündə sənət əlaqələrinin qurulması müzakirə olunub. Lənkəran teatrında istedadlı aktyorlara ehtiyacın olduğu və Cəlilabad Xalq teatrının imkanlarından istifadə olunacağı diqqətə çatdırılıb. Sonra Xalq teatrının hazırladığı “Hacı Qara” tamaşasının məşqləri izlənilib.