![](/img/news/700x420/23310.jpg)
Ağdam teatrında “Qaçaq qocalar"
Sentyabrın 22-də Ağdam Dövlət Dram Teatrında yeni mövsümün açılışı olub. Yaradıcı kollektiv tamaşaçıların görüşünə Elçin Hüseynbəylinin “Qaçaq qocalar" əsəri ilə gəlib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist S.Əliyev, quruluşçu rəssamı E.Balakişiyev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları N.Əsgəroğlu, S.Quliyev və F.Yusifova ifa ediblər.
Tamaşadan öncə teatrın direktoru M.Hüseynov çıxış edərək yeni mövsümdə hazırlanacaq səhnə əsərləri, yeni layihələr haqqında məlumat verib.
Lənkəranda sənətsevərləri yeni səhnə əsərləri gözləyir
Sentyabrın 24-də Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb. Bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisalar - Xalq artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, yeni mövsümdə qarşıda duran vəzifələrdən danışıblar.
![](/img/news/350x300/23311.jpg)
Hazırda Yuğ teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır. Bundan əlavə, italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad” əsərləri üzərində iş gedir.
Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, dövlətin azad və firavan şəraitdə bərqərar olması, amma sonda hökmdarın səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.
Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Rolları əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Niftulla Əsgərov, Aynur Əhmədova, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.
Gəncə Kukla Teatrında “Səlim və sehrbaz”
Gəncə Dövlət Kukla Teatrı sentyabrın 22-də 31-ci mövsümünü Sahib İbrahimlinin “Səlim və sehrbaz” əsərinin tamaşası ilə açıb. Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Fərmail Paşayev quruluş verib, quruluşçu rəssam Sara Məmmədovadır.
Rolları gənc aktrisa Nərmin Şərifova, əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, eləcə də Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov oynayıblar.
Tamaşa 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.