1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildən 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may - 18 iyun tarixində respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bu çərçivədə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər təşkil olunur.
Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Hüquqlarımızı bilirikmi” mövzusunda tədbir keçirilib. Tədbirdə hüquqşünas Ruslan Mustafazadə insan hüquqlarının mahiyyəti, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, ölkəmizdə bu sahədə görülən işlər haqqında danışıb, oxucuları maraqlandıran sualları cavablandırıb.
“İnsan hüquqları aylığı” ilə bağlı Ağcabədi MKS-də də tədbirlər keçirilib. MKS-də mövzuya dair sərgi, MKS-nin saytında “Hüquq bazası” başlıqlı bölmə açılıb. Mərkəzi kitabxanada “İnsan hüquqlarının müdafiəsi dövlətimizin ali məqsədidir” başlıqlı dəyirmi masa təşkil edilib.