İyunun 22-də ölkəmizin Türkiyədəki səfirliyi 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada bayram tədbiri keçirdi. Səfir Faiq Bağırov və səfirliyin əməkdaşları tədbirə gələn qonaqları qarşıladılar.
Mərasimə Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar, müavini Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalib Mendi başda olmaqla qardaş ölkə Silahlı Qüvvələrinin geniş heyəti, eləcə də ictimai-siyasi xadimlər, millət vəkilləri, müxtəlif nazirliklərin təmsilçiləri, diplomatik korpus nümayəndələri qatılmışdı.
Mərasimdə öncə Azərbaycan və Türkiyənin dövlət himni səsləndi.
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov çıxışında ölkəmizdə 1918-ci ildə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun yaranma tarixindən, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həyata keçirilən ordu quruculuğundan, ümummilli lider Heydər Əliyevin bu sahədə tarixi xidmətlərindən bəhs etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün həyata keçirilən işlərdən söz açan hərbi attaşe bu ilin aprel ayında təcavüzkar Ermənistanın hərbi qüvvələrinə qarşı əldə etdiyi qələbə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin bir hissəsinin azad edilməsi barədə də danışdı.
Mərasim ziyafətlə başa çatdı.

Mehparə Sultanova
Ankara