Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan əsgəri qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Xalqımız Silahlı Qüvvələrimizə, onun Ali Baş Komandanına güvənir. Bu fikirlər “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirilən yazı müsabiqəsinin yekununa həsr olunan tədbirdə səsləndirilib.
Müsabiqə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilib. İctimai Birliyin sədri İlham İsmayılov bildirib ki, müsabiqəyə 100-dən çox yazı təqdim edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqədə gənc jurnalistlərin üstünlük təşkil etməsini yüksək dəyərləndirib, belə tədbirlərin qəhrəmanlıq salnaməmizin təbliği baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonra qaliblər mükafatlandırılıb. Birinci, ikinci, üçüncü yerlərdən əlavə 16 həvəsləndirici, 2 xüsusi mükafat təqdim edilib.
Sonda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr edilən film nümayiş olunub.