Şıxlinskilər nəslindən bəhs edən kitab ABŞ-da çapdan çıxıb

ABŞ-ın Hyuston şəhərindəki “Blurp” nəşriyyatında Yusif Pənahpurun ingilis dilində “Heç vaxt bitməyəcək səyahət. Anamın ailəsinin tarixçəsi” kitabı çapdan çıxıb. Bu barədə rejissor Ziya Şıxlinski məlumat verib.
Kitab görkəmli şəxsiyyətlər yetirmiş adlı-sanlı nəslin - Şıxlinskilər ailəsinin tarixçəsinə həsr olunub. Bu nəslin bir çox nümayəndələri (hərbçilər, ədiblər, alimlər, dövlət qulluqçuları, sahibkarlar) fitri istedadları və yüksək peşəkarlıqları sayəsində təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda, Rusiyada, İran və Türkiyədə hörmət və nüfuz qazanıblar.
Kitabın müəllifi Yusif Pənahpur ana tərəfdən bu ailənin nümayəndələrindən biridir. İnqilabdan sonra onların ailəsi İranda yaşayıb, sonra Birləşmiş Ştatlara mühacirət edib.
Kitabın birinci bölməsində bu soyadın İran qolunun görkəmli nümayəndələrinin, o cümlədən general Əlağa Şıxlinskinin əmisi oğlu Cahangir Şıxlinskinin bioqrafiyası təqdim olunub. C.Şıxlinski 1920-ci ilə qədər Qazax qəzasının rəisi olub. General-mayor Cavad bəy Şıxlinski Azərbaycan Xalq Cümhuriyyətində korpus komandiri, 1920-ci ilin mayında Gəncədə antibolşevik üsyanının rəhbərlərindən biri olub. Həmin il əvvəlcə İrana, sonra Türkiyəyə mühacirət edib, 1959-cu ildə Türkiyədə vəfat edib.
Bu ailənin Azərbaycan qoluna, əslən Qazaxdan olan məşhur nümayəndələrinə (“Rus artilleriyasının allahı” general Əlağa Şıxlinski, Xalq yazıçısı İsmayıl Şıxlı və başqaları) kitabın ayrıca bölməsi həsr olunub.
Qeyd edilir ki, bu nəslin kökləri XIV-XV əsrlərə gedib çıxır. O dövrdə Türkmənistandan Azərbaycanın indiki Qazax rayonu ərazisinə qədim türk tayfaları köç ediblər. “Şıxlı” toponimi bu tayfanın adı ilə bağlıdır.
Yusif Pənahpur bir neçə dəfə əcdadlarının vətənində olub. Səfər zamanı onu rejissor Ziya Şıxlinski müşayiət edib. Müəllif müqəddimədə nəşrlə bağlı göstərdiyi köməyə görə Z.Şıxlinskiyə xüsusi təşəkkür edir.